Prezident İlham Əliyev Salyanda Uşaq Texniki Yaradıcılıq Mərkəzinin açılışında iştirak edib

Prezident İlham Əliyev Salyanda Uşaq Texniki Yaradıcılıq Mərkəzinin açılışında iştirak edib
Martın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Salyanda Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilmiş Uşaq Texniki Yaradıcılıq Mərkəzinin açılışında iştirak edib. SİA-nın xəbərinə görə, dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.

Məlumat verildi ki, Salyan Uşaq Texniki Yaradıcılıq Mərkəzi 1985-ci ildən uyğunlaşdırılmamış binada fəaliyyət göstərirdi. Ötən ilin martından Heydər Əliyev Fondunun təşəbbüsü ilə Mərkəz üçün yeni binanın tikintisinə başlanılıb. Bütün lazımi infrastrukturun yaradıldığı Mərkəzin yerləşdiyi ərazidə genişmiqyaslı abadlıq işləri görülmüş, ağac və gül kolları əkilib.

Mərkəzin foyesində ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətlərini, həmçinin ümummilli liderin və dövlətimizin başçısının Salyan rayonuna səfərlərini əks etdirən fotoguşələr yaradılıb. Prezident İlham Əliyev mərkəzin əvvəlki və indiki vəziyyətini əks etdirən fotostendə baxıb, sərgi salonunda uşaqların əl işləri ilə tanış olub.

Qeyd edildi ki, birinci mərtəbədə kitabxana, emalatxana və xidməti otaqlar vardır. Burada iki otaq rayon uşaq kitabxanası üçün nəzərdə tutulub. İkinci mərtəbədə Mərkəzin fəaliyyətinə həsr olunan fotolar və uşaqların müxtəlif müsabiqələrdə qazandıqları diplomlar nümayiş etdirilir. Əyləncəli fizika, gənc şahmatçılar, modelçilik, ibtidai texniki modelləşdirmə, bacarıqlı əllər, gənc dizayner, ingilis dili dərnəkləri də uşaqların intellektual inkişafı üçün nəzərdə tutulub. Ümumilikdə Mərkəzdə 1772 uşaq 10 dərnəkdə məşğul olacaqdır. Mərkəz müasir avadanlıqla təchiz edilib.

Mərkəzdə yaradılmış şəraitdən məmnunluğunu bildirən Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verib.

Bütün xəbərlər Facebook səhifəmizdə