Bu gün Milli Məclisdə (MM) mətbuat konfransı keçirilib. SİA-nın xəbərinə görə, MM mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib ki, vitse-spiker Bahar Muradovanın başçılığı altında nümayəndə heyəti Avstriyanın Vyana şəhərində keçirilən ATƏT Parlament Assambleyasının qış sessiyasında iştirak ediblər. Bundan başqa MM üzvləri Rövşən Rzayev, Fərəc Quliyev və Azay Quliyev isə İrəvanda təşkil olunan "Euronest" Parlament Assambleyasının Sosial komitəsinin iclasına qatılıblar.
Konfransda çıxış edən B. Muradova qeyd edib ki, ATƏT Parlament Assambleyasının qış sessiyası 2 gün davam edib: \"Çalışdıq ki, iştirak etdiyimiz plenar və komitə iclaslarında Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ problemi, xüsusilə Xocalı soyqırımının 20 illiyi ərəfəsinə təsadüf etdiyi üçün konkret olaraq Xocalıda baş verən hadisələr, onun bugünkü durumu ilə əlaqədar mövqeyimizi müdafiə edək və paralmentarilərin diqqətini bu məsələyə cəlb edək. Azərbaycan nümayəndə heyəti Baş katibin iclasda iştirak etməsindən istifadə edərək Xocalı faciəsi haqqında öz fikrini, mövcud vəziyyəti nəzərə çatdırmaqla yanaşı, Dağlıq Qarabağ məsələsinin həllinə cavabdeh olan Fransa Senatının qəbul etdiyi qərarın onun vasitəçilik missiyasına nə dərəcədə təsiri ilə bağlı Baş katibə bir neçə sualla müraciət etdik".
Vitse-spiker ATƏT PA Baş katibinin cavabının isə ümumi olduğunu diqqətə çatdırıb: "O, bizi keçmişə yox, gələcəyə baxmağa çağırdı. Ümumiyyətlə, burada ikili yanaşma özünü göstərirdi. Qarabağ məsələsi, Xocalı soyqırımı ilə bağlı yanaşma ondan ibarət idi ki, biz ancaq irəli baxmalıyıq, keçmişə dönməməliyik. Qarşılıqlı razılaşmaya gəlməliyik".
B. Muradova bununla yanaşı, Siyasi Komitənin iclasında da bu məsələlərin gündəmdə saxlanıldığını deyib.
Konfransda çıxış edən Azərbaycanın "Avronest" Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Azay Quliyev Ermənistana səfəri çərçivəsində prezidenti Serj Sarkisyanla görüşün qızğın debatla keçdiyini bildirib: "Bu görüşdə Avropa parlamentariləri ilə yanaşı, Şərq Tərəfdaşlığı Ölkələrinə daxil olan 5 dövlətin nümayəndəsi var idi. Görüş tanışlıq xarakteri daşımasına baxmayaraq iştirakçıların hamısına söz verildi. Litvadan olan xanım parlamentari çox sərt və kəskin sualla müraciət etdi ki, mən burada Avropa Parlamentini təmsil edirəm, mənim üçün insan hüquqları ən prioritet məsələdir, ona görə, bilmək istəyirəm ki, Azərbaycandan olan 1 milyon qaçqın və məcburi köçkünün hüquqları necə təmin ediləcək? Ancaq çox təəssüf olsun ki, həmin xanım parlamentarinin bu kəskin və sərt sualına cavab verilmədi. Biz də Azərbaycanın "Avronest" Parlament Assambleyasındakı üzvləri kimi bu debatlarda çox fəal şəkildə iştirak etdik və sərt, kəskin suallarımızı ünvanladıq"
O, erməni tərəfinin iştirakı ilə keçirilən iclasın da gərgin keçdiyini söyləyib.
A.Quliyev İrəvanda onları heç kimin qarşılamadığını bildirib: "Əslində bizə deyilmişdi ki, sizi xüsusi xidmət orqanlarının əməkdaşları qarşılayacaq. Amma bizi heç kəs qarşılamadı. Axırda özümüz bir hərbçiyə yaxınlaşıb Azərbaycandan gəldiyimizi bildirdik. O, təəccübləndi, harasa zəng vurdu. Gəlib bizi bir təcridxanaya apardılar. Ancaq sonrakı iki gündə bizim təhlükəsizliyimiz yüksək səviyyədə təmin olundu. Qaldığımız otelin nömrəsinin qarşısında 24 saat mühafizəçi var idi. Qayıdanda bizi VİP-dən yola saldılar".
Konfransda çıxış edən Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü, Rəbiyyət Aslanova qeyd edib ki, onun üzvü olduğu ATƏT PA-nın Demokratiya və İnsan Hüquqları Komitəsində ATƏT məkanında, o cümlədən Ukrayna, Belarus və Rusiyada siyasi məhbuslar, həbs yerlərində saxlanılma şəraiti, işgəncələr məsələsi müzakirə olunub: "Müzakirələr zamanı hazırda Ukraynada həbsdə olan keçmiş baş nazir Yuliya Timoşenkonun məsələsi müzakirə edildi və bu müzakirələrdə onun qızı Yelena Timoşenko, eləcə də, digər ATƏT parlamentariləri çıxış etdilər, öz fikirlərini, iradlarını bildirdilər. Bununla yanaşı, Rusiyada siyasi məhbusların vəziyyəti, onların saxlanılma şəraiti geniş müzakirə obyekti oldu və bildirildi ki, Rusiyada həbs yerlərində saxlanılma şəraiti çox çətindir. Ancaq, Azərbaycanla bağlı hər hansı bir məsələ, o cümlədən tez-tez əsassız şəkildə gündəmə gətirilən siyasi məhbuslar məsələsi müzakirə olunmadı. Bu yöndə bir kəlmə olsun belə fikir və ya irad səsləndirilmədi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB