Gəncədə Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının VII konfransı keçirilib - FOTOSESSİYA
Gəncədə Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon Təşkilatının VII konfransı keçirilib. SİA-nın bölgə müxbirinin məlumatına görə, tədbirdən öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.
Qeyd edək ki, konfransda Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Vidadi Məhərrəmov, "Səs" qəzetinin baş redaktoru, Səs İnformasiya Agentliyinin baş direktoru Bəhruz Quliyev, YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, həmçinin ətraf rayonların partiya təşkilatlarının rəhbərləri və YAP rayon təşkilatının fəalları iştirak ediblər. Tədbiri giriş nitqi ilə açan YAP Kəlbəcər rayon təşkilatının sədri Akif Əsgərov son illərdə qurumun əldə etdiyi uğurlardan danışıb. Qeyd edib ki, partiyanın Kəlbəcər rayon təşkilatı daima ümummilli lider Heydər Əliyevin siyasi kursuna layiqincə xidmət edir. Hakim partiyanın rayon təşkilatında gənclərə xüsusilə böyük yer verilir.
"Respublikanın ağır iqtisadi-siyasi vəziyyətində ulu önlərimiz Heydər Əliyev tərəfindən yaradılan Yeni Azərbaycan Partiyası zamanın sınağından məharətlə çıxdı. Dahi öndərin uzaqgörən siyasəti nəticəsində xalq məhz Yeni Azərbaycan Partiyasını seçdi. Bu gün partiyanın Kəlbəcər rayon təşkilatının 14 ərazi ilk partiya təşkilatında cəmləşmiş 3115 üzv var. Partiya üzvlərindən 46 faizini gənclər təşkil edir. Partiya olaraq bizlər daim gənclərin həyat şəraitinin yaxşılaşdırılması, onların işlə təmin olunması istiqamətində aidiyyəti qurumlar qarşısında məsələ qaldırmışıq. Bunun nəticəsidir ki, böyük xalq dəstəyinə malik Yeni Azərbaycan Partiyasına bu gün də gənclərini axını davam edir. Təkcə son bir ildə rayonumuzda partiya sıralarına 1000-dən artıq üzv qoşulub", - deyə rayon təşkilatının sədri bildirib.
Tədbirdə söz alan rayon icra hakimiyyətinin başçısı Vidadi Məhərrəmov da Yeni Azərbaycan Partiyasının ölkənin siyasi arenasında qazandığı uğurlara nəzər salıb. Xüsusən də, qarşıdan gələn prezident seçkilərində partiya üzvlərinin fəaliyyətinin gücləndirilməsindən danışıb.
"Bu gün ölkənin hər yerində inkişaf hiss olunmaqdadır. Azərbaycanın iqtisadi qüdrəti hər kəsə gün kimi aydındır. Bütün bunlar görkəmli siyasi xadim, fenomen şəxsiyyət Heydər Əliyevin və onun layiqli davamçısı prezident İlham Əliyevin adı ilə bağlıdır. Qarşıdan prezident seçkiləri gəlir. Bu seçkilərdə Yeni Azərbaycan Partiyası üzvlərinin üzərinə böyük məsuliyyət düşür. Bu işdə mən partiyanın hər bir üzvünə uğurlar arzulayıram", - deyə V.Məhərrəmov bildirib.
YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək konfransın işinə uğurlar arzulayıb və bildirib ki, bu gün müstəqil Azərbaycan dövlətinin varlığı, inkişafı və dünyada özünə yer tutan dövlətimizin bütün nailiyyətləri birmənalı şəkildə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin adı ilə müstəqil Azərbaycan dövləti arasındakı vəhdət əbədi və dəyişməzdir.
"Bu gün Azərbaycanın hər bir bölgəsində yeni-yeni səhiyyə, təhsil ocaqları inşa olunur, hər bir vətəndaşın sosial rifahının yaxşılaşdırılması üçün dövlət səviyyəsində tədbirlər görülür. Bütün atılan addımlar, ölkə daxilində quruculuq işləri, Azərbaycanı irəliyə doğru aparan, inkişafameylli bütün nailiyyətlər birbaşa ulu öndərimizin yeritdiyi siyasətin Azərbaycan prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyinin bariz nümunəsidir. Düşünürəm ki, bu istiqamətdə siyasətin davamlı olması üçün hər bir Azərbaycan vətəndaşı əlindən gələni etməlidir. Müstəqil Azərbaycan dövləti ilə eyni zamanda təşəkkül tapan Yeni Azərbaycan Partiyası aparıcı siyasi qüvvə kimi fəaliyyət göstərdiyi müddətdə bütün qüvvə və bacarığını xalqa xidmətə yönəldərək biri-birindən əhəmiyyətli uğurlara imza atır. Partiyanın yaradıcısı ümummilli lider Heydər Əliyevin zəngin təcrübəsi, müstəqil, demokratik, hüquqi dövlət quruculuğu yolunda gərgin fəaliyyəti Azərbaycanın bugünkü və gələcək taleyini müəyyən etmişdir",- deyə V.Rəhimzadə vurğulayıb.
"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev isə çıxışı zamanı Yeni Azərbaycan Partiyasının yarandığı dövrlə bu günü müqayisə edib, partiyanın keçdiyi çətin yollardan, siyasi arenada baş verən hadisələrdən, ölkənin ağır durumda olduğu zaman ulu öndərimiz Heydər Əliyevin həyata keçirdiyi iqtisadi, siyasi, sosial və mədəni islahatlardan, o cümlədən ümummilli liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin gördüyü işlərdən, daxili və xarici siyasətdə qazandığı uğurlardan söz açıb.
Baş redaktor YAP-ın 550 nəfərlə qurulduğunu, bu gün isə 550 mindən artıq üzvünün olduğunu xüsusi olaraq vurğulayıb və bildirib ki, buna səbəb Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi və Prezident İlham Əliyevin uğurla və qətiyyətlə davam etdirdiyi siyasətə olan böyük inamdır.
"Bu gün müxalifət partiyaları sivil mübarizədən kənarda qalıb. Yeni Azərbaycan Partiyası müxalifətdə olduğu zamanda da sivil mübarizənin tərəfdarı və hər bir dövrdə xalqın maraqlarının təminatçısı olub. Bunun nəticəsidir ki, xalqın istəyi ilə ulu öndər Heydər Əliyev hakimiyyətə gəlib. Qarşıdan YAP-ın 20 illik yubileyi gəlir. Biz bu əlamətdar tarixi xüsusi olaraq qeyd edəcəyik. 20 illik zaman kəsiyində partiyamızın rəhbərləri və üzvləri daima ölkənin inkişafı və tərəqqisi uğrunda çalışıb. Prezident İlham Əliyevin apardığı məqsədyönlü daxili və xarici siyasət nəticəsində bu gün Azərbaycan dünya dövlətləri arasında böyük nüfuza malikdir. Partiyanın sağlam düşüncəli üzvləri Respublikamızda xalqın dəstəyi ilə Heydər Əliyev siyasi kursunun davamlı olmasını təmin etmək üçün var qüvvələri ilə çalışırlar", - deyə B.Quliyev sözlərinə əlavə edib.
Çıxışların ardından YAP Kəlbəcər Rayon Təşkilatına sədr seçilməsi üçün səsvermə keçirilib. Rayon fəalları rayon təşkilatının hazırki sədri Akif Əsgərova növbəti müddətə də etimad göstəriblər. Həmçinin, YAP rayon təşkilatının Şura üzvləri də müəyyənləşib.
Tədbirin sonunda Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB