İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Şeyx Abdulla bin Zayed Əl-Nahyanı qəbul edib. SİA-nın məlumatına görə, ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə sürətli inkişafından məmnunluğunu bildirən dövlətimizin başçısı əlaqələrimizin qarşıdakı illərdə də möhkəmlənəcəyinə əminliyini ifadə edib. Siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrimizin yeni mərhələyə qədəm qoyduğunu vurğulayan Prezident İlham Əliyev əməkdaşlığımızın regionda sülhə və sabitliyə xidmət edəcəyini deyib. Dövlətimizin başçısı ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq etdiyini vurğulayıb. Xarici işlər naziri Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed Əl-Nahyanın salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırıb. O, ölkəsinin dövlət başçısının Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələrin inkişafından məmnun olduğunu deyib. Nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed Əl-Nahyanın rəhbərliyi altında əlaqələrimizin bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib. Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed Əl-Nahyanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Birləşmiş Ərəb Əmirliklərinin dövlət başçısına çatdırmağı xahiş edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB