Sarkozi: “Mənə xidmət etməyib”

Fransada 1915-ci il hadisələri ilə əlaqədar olaraq erməni iddialarını rədd edənlərin cəzalandırılmasını nəzərdə tutan qanunun ləğvi üçün dünən Konstitusiya Şurasına müraciət edilməsi prezident Nikola Sarkozini narahat edib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Sarkozi bir qrup parlamentarilərlə keçirdiyi görüşdə müraciətlərə görə narahatlıq keçirdiyini dilə gətirib.

Sarkozinin parlamentarilərə "Bu cəhd mənə xidmət etmədi"- ifadəsini işlətdiyi qeyd olunub. Bu gün Fransada 77 senator və 65 millət vəkili qanuna etiraz etmək üçün Konstitusiya Şurasına gedib. Konstituasiya Şurasının bir ay içərisində qərar verməsi gözlənilir. Kifayət qədər imza toplanmasına nail olan senator və millət vəkilləri Fransa Konstitusiyasının 33-cü maddəsinə və ifadə azadlığına zidd olduğu səbəbiylə qanunun ləğvini istəyiblər.

Fransa Məclisi və Senatı 1915-ci il hadisələrinə dair erməni iddialarının rəddini cinayət hesab edən layihəni keçən həftə qanunlaşdırmışdı. Qanunun konstitusiyaya zidd olduğunu təstiqləmək üçün 60 senator və ya 60 millətvəkilinin imzası lazım idi.


Orxan Faiq

Bütün xəbərlər Facebook səhifəmizdə