Yanvarın 23-də Soçidə Rusiya prezidenti Dmitri Medvedevin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentləri arasında növbəti görüş keçiriləcək. Üçtərəfli formatda keçiriləcək görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolları müzakirə ediləcək.
Qeyd edək ki, Rusiya prezidenti Dmitri Medvedev Dağlıq Qarabağ münaqişəsinin postsovet məkanında sülh yolu ilə həll oluna biləcək yeganə münaqişə olduğunu deyib.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Mübariz Qurbanlı ANS PRESS-ə açıqlamasında bildirdi ki, Rusiyanın Ermənistana digər həmsədr ölkələrə nisbətən təsir imkanı qat-qat yüksəkdir. Bu səbəbdən, Rusiya prezidentinin iştirakı ilə bu cür görüşün keçirilməsi müsbət haldır.
Budəfəki görüş danışıqların növbəti mərhələsi üçün zəmin yaradacaq
"Bundan əvvəlki görüşlərdə müəyyən məsələlər ətrafında müzakirələr getsə də, Ermənistanın qeyri-konstruktivliyi nəticəsində məqsədə nail olunmayıb. Budəfəki görüş danışıqların növbəti mərhələsi üçün zəmin yaradacaq".
Mübariz Quarbanlı Soçi görüşündə konkret nəticə əldə olunmasının isə gözlənilən olmadığını hesab edir. "Əlbəttə, Dağlıq Qarabağ kimi mürəkkəb bir problemin həllinə bir görüşlə nail olmaq mümkünsüz işdir. Bu görüşdə əsasən əvvəlki görüşlərdə həll olunmayan məsələlər ətrafında müzakirələr gedəcək. Hesab edirəm ki, prezidentlərin hər bir görüşü Azərbaycanın psixoloji, mənəvi və psixoloji üstünlüyü şəraitində yekunlaşır", - deyə millət vəkili bildirib.
Mübariz Qurbanlının sözlərinə görə, prezidentlərin hər görüşündən sonra siyasi analitiklər Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyinin beynəlxalq qurumların qəbul etdiyi qərar və qətnamələrə uyğun olduğunu və Ermənistan tərəfinin sözünün tükəndiyini, ortaya heç nə qoya bilmədiyinin şahidi olduqlarını deyirlər
Rusiyada müəyyən qüvvələr Dağlıq Qarabağ probleminin Cənubi Qafqazda təzyiq vasitəsi kimi saxlamınılmasında maraqlıdır
"Rusiya prezidenti Dmitri Medvedevin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşləri əvvəlki illərə nisbətən daha intensiv xarakter daşıyır. Dmitri Medvedevin iştirakı ilə olan görüşlərdə tərəflər məsələnin həllinə daha çox yaxınlaşıblar. Ancaq erməni tərəfinin qeyri-konstruktivliyi nəticəsində bu prosesə nöqtə qoyula bilməyib. Men hesab edirəm ki, Dmitri Medvedev danışıqlar prosesində özünü çox səmimi göstərib. O, həqiqətən də Dağlıq Qarabağ probleminin həllinə çalışırdı. Ancaq görünür, Rusiyada müəyyən qüvvələr Dağlıq Qarabağ probleminin Cənubi Qafqazda təzyiq vasitəsi kimi saxlamınılmasında maraqlıdır", - deyə Mübariz Qurbanlı vurğulayıb.
Politoloq Rasim Ağayev isə prezidentlərin görüşünün əsasən Rusiya hakim partiyasının bir qədər zəifləmiş nüfuzunun bərpasına hesablanmış addım olduğunu hesab edir.
Prezidentlərin görüşü Rusiya hakim partiyasının zəifləmiş nüfuzunun bərpasına hesablanıb
"Prezident seçkisi zamanı azərbaycanlıların, həm də ermənilərin səsi böyük əhəmiyyət daşıyacaq. Ona görə də Rusiya hakim partiyasi bu görüşü təşkil edərək hər iki tərəfin könlünü almağa çalışır. Bundan başqa, prezidentlərin Soçi görüşü həm də Rusiyanın bu regionun onun nəzarəti altında olmasını göstərmək cəhdi kimi də qəbul edilə bilər", - deyə Rasim Ağayev bildirib.
Politoloq yaxın zamanda hər iki tərəfdən hansısa kompromisə gedəcəyini də gözləmir. Siyasi şərhçi Rusiya dövlət başçısı Dmitri Medvedevin prezident səlahiyyətlərinin başa çatması ərəfəsində keçirilən görüşdə nə isə radikal dəyişikliklərin olacağına da inanmır. "Dmitri Medvedev elə bir nüfuza malik şəxsiyyət deyil ki, təşəbbüsü boynuna götürərək tərəflərə hər hansı təzyiq edə bilsin. O, nə Stalin, nə də Şarl de Qoll deyil ki, münaqişəni bir sözü ilə həll edə bilsin", - deyə Rasim Ağayev fikirlərini yekunlaşdırıb.
Politoloq Qabil Hüseynli də prezidentlərin Soçi görüşündən konkret nəticələr gözləməyənlər sırasındadır. Siyasi analitik bu fikrə Soçi görüşünün hazırlıq prosesi görülmədən baş tutacağı xəbərini alandan sonra gəlib.
Soçi görüşünı hazırlıq olmayıb
"Düzdür, danışıqlar öncəsi xarici işlər nazirlərinin görüşü olub. Ancaq bu görüşdə prosedur qaydaları və vaxt məsələsi həll edilib. Bir məsələ də var ki, Dağlıq Qarabağ münaqişəsinin həlli isiqamətində danışıqlar aparılacaq. Hətta, Dmitri Medvedev görüşün formasını da dəyişib. O bu dəfə hər bir prezidentlə ayrı-ayrılqda görüş keçirməyi də planlaşdırır. Ancaq danışıqların fəlsəsəfi keçmişdə olduğu kimi qalır. Danışıqlar prosesində təcavüzə məruz qalmış Azərbaycanla təcavüzkar Ermənistan arasında bir bərabərlik işarəsi qoyulur", - deyə Qabil Hüseynli bildirib.
Politoloq ən azı belə danışıq proseslərin ikisində iştirak etdiyini və erməni tərəfinin hər dəfə münaqişənin mərhələli həll planına hazır olduqlarını bəyan etsələr də danışıqlar başlayan kimi danışıqların paket üsuluna əl atdığını qeyd edir. "Onlar Dağlıq Qarabağın statusu və onun prosedur məsələsinin həll edilməsini gündəmə gətirirlər. Halbuki, mərhələli həll Dağlıq Qarabağ hüdudlarından kənar Azərbaycan torpaqlarının işğaldan azad edilməsi mərhələsindən başlanmalıdır. Çox təəssüf ki, ermənilərin ortaya atdıqları prosedur qaydalarına Rusiya prezidenti müqavimət göstərmir. Ermənilərin danışıqlarda qeyri-konstruktiv mövqe ortaya qoyması danışıqlarda normal müzakirələrin aparılması və nəticə əldə olunmasını mümkünsüz edir", - deyə Qabil Hüseynli vurğulayıb.
Politoloq prezidentlərin görüşünü təşkil etməkdə Rusiyanın Cənubi Qafqaz regionunda hakim mövqe tutduğunu isbatlamaq istəyi ilə bağlı olduğunu da hesab edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB