Qabil Hüseynli: \"İranla Ermənistanı birləşdirən dəyər hər ikisinin Azərbaycana olan nifrətidir\" - MÜSAHİBƏ (SəsTV)

Qabil Hüseynli: \"İranla Ermənistanı birləşdirən dəyər hər ikisinin Azərbaycana olan nifrətidir\" - MÜSAHİBƏ (SəsTV)

Politoloq Qabil Hüseynlinin SəsTV-yə müsahibəsi:


- Əhmədinejadın Ermənistana səfərini də nəzərə alsaq, son vaxtlar Tehranla İrəvan arasında yaxınlaşmanı nə ilə əlaqələndirə bilərsiniz?

- Bu yaxınlaşmada əsas rolu Rusiya oynayır. Çünki Rusiya Ermənistan vasitəsilə İranın silahlandırılmasında yaxından iştirak edir. Ümumiyyətlə, Rusiya Ermənistandan istifadə edərək müəyyən planlarını həyata keçirir. Bu yaxınlarda 90-a qədər hava hücumlarından müdafiə qurğuları Ermənistan ərazisindən İrana aparılıb. Düzdür, bu qurğular nisbətən keçmişə aid olsa da, İranın hava hücumlarından müdafiə olunmasında böyük əhəmiyyətə malikdir. Rusiya bunun əvəzində Ermənistana təbii ki, daha yeni qurğular göndərəcək. Yəni Ermənistanla İran arasındakı bu yaxınlığın əsas səbəbi İranın vurulma ehtimalının güclənməsidir. İranın baş verə biləcək hansısa hücuma davamlılığını artıra bilmək üçün Ermənistan ortaya atılıb.


- Qabil müəllim, görüş ərzində Əhmədinejadla Sarkisyan çox mehriban görüntülər sərgiləyirdilər. Bu \"sevgi\"nin arxasında nə dayanır?

- Doğru qeyd etdiniz, bəli məhz \"sevgi\". Məncə bu \"sevgi\"nin arxasında hər ikisinin müstəqil Azərbaycana olan nifrəti dayanır. Çox təəssüflər olsun ki, İran elitasının bir hissəsi Azərbaycanın varlığını qəbul edə bilmir. İndiyə qədər İranın Azərbaycandakı səfirliyinin qapısındakı etiketdə Azərbaycan deyil, \"İranın Bakıdakı səfirliyi\" yazılıb. Bu da o deməkdir ki, İran Azərbaycan məvhumunu qəbul edə bilmir. Yəni müxtəlif zamanlarda üzümüzə gülsələr, xoş sözlərlə bizi aldatmağa çalışsalar belə, Azərbaycanın müstəqilliyinin İran üçün təhlükə olduğunu düşünürlər. Bu sevginin əsas mənbəyi də hər ikisinin Azərbaycana olan xain hisslərindən irəli gəlir.

Bütün xəbərlər Facebook səhifəmizdə