Ermənistanda əsgər ölümləri ilə bağlı etiraz dalğası güclənir

Ermənistanda əsgər ölümləri ilə bağlı etiraz dalğası güclənir

"Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi" Ermənistan ordusunun 2011-ci ildə itkilərini hesablayıb. "Armenia Today" saytına istinadən verilən məlumata görə, bu il Ermənistan ordusunda 38 ölüm faktı qeydə alınıb. "Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi" bu faktın nikbinliyə qapılmaq üçün əsas olmadığını bəyan edir.


"Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi"nin rəhbəri Artur Sakuntsun sözlərinə görə, bu il erməni əsgərlərindən 11-i atəşkəsin pozulması, 3 əsgər təhlükəsizlik qaydasına düzgün əməl etmədikləri üçün, 8 əsgər intihar nəticəsində, 6 əsgər nizamnamə qaydalarının pozulması nəticəsində, 6 əsgər bədbəxt hadisə, 2 əsgər isə sağlamlıqlarındakı problemlərə görə, 1 əsgər isə qeyri-müəyyən şəraitdə ölüb.


"Ermənistan ordusundakı cəzalandırmama ab-havası yeni cinayətlərin törədilməsi üçün zəmin yaradır. Ermənistan ordusunda qeydə alınan ölüm faktları intihar kimi təqdim edilsə də əslində faktlar bu əsgərlərin öldürüldüyünü sübut edir", - deyə hüquq müdafiəçisi Janna Aleksanyan bildirib.


Qeyd edək ki, son günlər Ermənistanda orduda baş verən hərc-mərclik, qanun pozuntuları ilə bağlı etirazlar güclənib. Elə bu ilin sentyabr ayında Ermənistanın 10 ictimai təşkilatı Ermənistan ordusunun ali baş komandanı Serj Sarkisyana ordudakı qeyri-sağlam ab-havanı dəyişmək tələbi ilə müraciət etmişdilər.


"Hesab edirik ki, Ermənistanın ali baş komandanı Serj Sarkisyan öz məsuliyyətini dərk etməyərək ordudadakı vəziyyəti normallaşdırmaq qayğısına qalmır. Onun əsaslı islahatlar keçirəcəyini gözləmək mənasızdır. Məhz bu səbəbə görə Serj Sarkisyanın istefasını tələb edirik", - deyə ictimai təşkilatların birgə bəyannaməsində deyilirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə