Hacı Allahşükür Paşazadə Nikola Sarkoziyə müraciət etdi

Hacı Allahşükür Paşazadə Nikola Sarkoziyə müraciət etdi

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Fransa prezidenti Nikola Sarkoziyə və Fransa Senatının üzvlərinə müraciət edib. QMİ-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, müraciətdə bölgə dindarlarının, o cümlədən, Azərbaycan müsəlmanlarının ümumi narahatlığı ifadə edilib.

İsa Peyğəmbərin "Mühakimə etməyin, mühakimə olunarsınız!" kəlamının yer aldığı bəyanatda Avropa mədəniyyətinin mərkəzi, dünya demokratiyasının beşiyi sayılan Fransanın Milli Assambleyasının son dərəcə ziddiyyətli və təhlükəli bir qərara imza atdığı təəssüflə vurğulanıb: "Söhbət "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin qəbulu istiqamətində atılan addımlardan gedir. Birmənalı şəkildə bildiririk ki, erməni lobbisinin təhriki ilə Fransa Milli Assambleyasının bir qrup üzvünün səs verdiyi bu qərar sülhün və ədalətin möhkəmlənməsinə yox, tarixin saxtalaşdırılmasına, nifrətin kəskinləşməsinə yönəlmiş təxribatdır. Qafqaz müsəlmanları bu qərarı təkcə Türkiyə Cümhuriyyətinə qarşı deyil, həm də bütün türk dünyasına, o cümlədən, Azərbaycana qarşı məqsədyönlü fitnəkarlıq kimi qiymətləndirir. Biz 2001-ci ildə Fransa uydurma "erməni soyqırımı"nı rəsmən tanıyarkən də öz qəti etirazımızı bildirmişdik. İndi isə bu, tarixi dəlillərlə isbatlanmayan "soyqırımı" inkar edənlərə qarşı qanunvericilik səviyyəsində cəzanın tətbiqi kimi absurd bir məsələnin müzakirəsini qərəzli təəssübkeşlik kimi dəyərləndiririk".

Müraciətdə Senatın məlum qərarının ziddiyyətinin onun insan hüquqlarına qarşı anti-demokratik mahiyyətində olduğu qeyd edilib: "Düşüncə, fikir və ifadə azadlığı əleyhinə yönəldilmiş bu qanun mənəvi diktat vəziyyəti yaradır. Ədalət, demokratiya və ümumbəşəri prinsiplərə uyğun gəlməyən bu qərar böyük fəsadlara və faciələrə yol aça bilər. Biz, din xadimləri, bu mənəvi təhrikin təhlükəli inkişafını qabaqcadan diqqətinizə çatdırmağı Rəbbimiz və bəşəriyyət qarşısında müqəddəs borcumuz sayırıq. Uca Yaradanımız müqəddəs Qurani-Kərimdə buyurur: "…Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir!" (Əl-Maidə, 3). Bu qərarın təhlükəsi onun fəlakətli sonluğundadır, çünki mahiyyəti etibarilə türk-erməni münasibətlərində mübahisə mövzusu olan problem yalnız millətlərarası deyil, dinlərarası zəmində qarşıdurma müstəvisinə keçə, qlobal xristian-müsəlman toqquşmasına çevrilə bilər. Bəşəriyyətin qan yaddaşına münasibətdə də ikili yanaşmaya nümunə ola biləcək anti-türk məzmunlu bu qərar anti-müsəlman təbliğatının tərkib hissəsi ola bilər. Bu dini təəssübkeşlik faktı milyonlarla insanın, o cümlədən, müsəlmanların Fransa haqqında xoş təsəvvürlərinə zərbə vurur. Belə ki, 1992-ci ilin fevralında Azərbaycan şəhəri olan Xocalıda erməni təcavüzkarları tərəfindən real soyqırımı aktı həyata keçirilərkən Fransa parlamenti etiraz səsini ucaltmamışdı. Halbuki ən yeni tarixin bu qanlı faciəsinin canlı şahidləri, tarixi sübutları, vizual dəlilləri belə mövcuddur. Xocalı soyqırımı öz ədalətli qiymətini bu günədək gözlədiyi halda Fransa parlamentinin belə bir addım atması, dolayısı ilə Ermənistanın işğalçı siyasətinə bəraət qazandırır, yeni genosidlərə, yeni təcavüzkarlıq aktlarına rəvac verir".

Müraciətdə Fransa Senatının qərarının qəbulunun Qafqazda həyati önəm kəsb edən sülh yolu ilə nizamlama proseslərinin taleyini də sual altına aldığı da vurğulanıb. "Ümid edirik ki, milyonlarla insanın etirazı nəzərə alınacaq və Fransa dövləti bütün dünyaya həqiqət və ədalət ideallarına sədaqətini, sülhə xidmət niyyətlərini əyani nümayiş etdirəcək. Bir din xadimi kimi bu növ qərarların acı fəsadlara səbəb olacağını əvvəlcədən duyur, Sizi və Senat üzvlərini bütün dünya dinlərinin təməl prinsiplərinə və ümumbəşəri dəyərlərə söykənərək Haqqın və Ədalətin tərəfində olmağa, müzakirələrə xitam verməyə, qərarı təsdiqləməməyə çağırıram. Uca Yaradan hamımıza kömək olsun!"

Bütün xəbərlər Facebook səhifəmizdə