Metyu Brayzanın Azərbaycanda diplomatik fəaliyyəti başa çatdı

Metyu Brayzanın Azərbaycanda diplomatik fəaliyyəti başa çatdı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 27-də ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Metyu Brayzanı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Səfir Metyu Brayza dövlətimizin başçısına anadan olmasının 50 illiyi münasibətilə təbriklərini çatdırıb. O, Azərbaycan Prezidenti İlham Əliyevin anadan olmasının 50 illiyi münasibətilə ABŞ Prezidenti Barak Obamanın dövlətimizin başçısına ünvanladığı təbrik məktubunu Birləşmiş Ştatların Azərbaycan ilə tərəfdaşlıq əlaqələrinə nə dərəcədə yüksək qiymət verməsinin göstəricisi kimi dəyərləndirdi. Azərbaycandakı diplomatik fəaliyyəti dövründə müxtəlif regionlara səfərlər etdiyini vurğulayan Metyu Brayza bu səfərlər zamanı ölkəmizin gözəl təbiətə, zəngin mədəniyyətə və müxtəlif dini-mənəvi dəyərlərə malik olduğunu müşahidə etdiyini dedi. Prezident İlham Əliyev Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluğunu bildirdi. Metyu Brayzanın ölkəmizdəki diplomatik fəaliyyətini yüksək qiymətləndirən Dövlət başçısı Azərbaycan ilə ABŞ arasında əlaqələrin inkişafına verdiyi töhfəyə görə minnətdarlığını bildirdi, gələcək fəaliyyətində ona uğurlar arzuladı.

Bütün xəbərlər Facebook səhifəmizdə