Yeni Dövlət Dumasına Sergey Narışkin başçılıq edə bilər

Yeni Dövlət Dumasına Sergey Narışkin başçılıq edə bilər

Dekabrın 21-də özünün ilk iclasına toplaşacaq Yeni Dövlət Dumasının rəhbərliyi – sədri, sədr müavini və bir sıra komitələrin başçıları dəyişdiriləcək. SİA-nın verdiyi məlumata görə, kadr məsələləri ilə bağlı qərarlar RF Prezidenti Dmitri Medvedevin dekabrın 4-də keçirilmiş seçkilərdə təqribən 50 faiz səs toplamış "Yedinaya Rossiya" fəalları ilə görüşündən sonra qəbul edilib.

Prezident qeyd edib ki, partiyanın özündə və bütövlükdə Rusiyanın siyasi sistemində yeniliklər gözlənilir.

Prezidentlə görüşün iştirakçıları həmin görüşdən dərhal sonra "Yedinaya Rossiya" Partiyasının Ali Şurasının geniş iclasını keçiriblər. İclasda başqa məsələlərlə yanaşı qərara alınıb ki, Prezident Administrasiyasının rəhbəri vəzifəsini tərk edən Sergey Narışkin bu partiyadan Dövlət Dumasının sədri vəzifəsinə namizəd göstəriləcək.

Sergey Narışkin həmin qərarı necə qəbul etdiyi barədə deyib: "Dövlət Dumasına seçkilər başa çatandan sonra partiya seçkilərə yekun vurmuş, uzun-uzadı məsləhətləşmələr aparılmışdır. Görünür, həmin məsləhətləşmələr çərçivəsində belə bir təklif yaranmışdır. Mən həm "Yedinaya Rossiya"nın siyahısının lideri, həm də "Yedinaya Rossiya" Partiyası üzrə həmkarlarım tərəfindən edilmiş bu təklifi götür-qoy edəndən sonra onu qəbul etmişəm".

Bütün xəbərlər Facebook səhifəmizdə