Prezident İlham Əliyev Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib - FOTOSESSİYA

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından səkkiz il keçir. Qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən, xarizmatik lider Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi.

Ulu öndərimizin, əbədiyaşar Prezidentimizin Fəxri xiyabandakı məzarı ötən illər ərzində xalqımızın müqəddəs ziyarətgahına, gənclərin and yerinə çevrilib. Demək olar ki, bütün il boyu insanlar buraya gəlir, xalqımızı, Azərbaycanı dünyaya tanıtmış, özü də dünyanın görkəmli şəxsiyyətlərindən biri kimi tanınmış böyük azərbaycanlının xatirəsinə ehtiramlarını ifadə edirlər.

Azərbaycanın dahi oğlu Heydər Əliyevin əbədiyyətə qovuşmasının səkkizinci ildönümü günü – dekabrın 12-də də paytaxt sakinləri, respublikamızın rayon və şəhərlərinin nümayəndələri, xarici ölkələrdən gəlmiş qonaqlar Fəxri xiyabanda xalqımızın ümummilli liderinin xatirəsini dərin ehtiramla yad edir, onun məzarı önünə əklillər, gül dəstələri qoyur, müdrik dövlət xadiminə Allah-taaladan rəhmət diləyirlər.

SİA-nın verdiyi məlumata görə, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib.

Milli Məclisin deputatları, nazirlər, komitə, şirkət və idarə rəhbərləri, respublika ictimaiyyətinin nümayəndələri, müxtəlif ölkələrin təmsilçiləri də Fəxri xiyabana gəliblər.

Prezident İlham Əliyev ulu öndərin məzarı önünə əklil qoyub.

Dövlətimizin başçısı görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın, dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarları üstünə də gül dəstələri qoyub.

Ulu öndərin məzarının ziyarət edilməsi mərasimində Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak ediblər.


İlkin Nəcəfov

Bütün xəbərlər Facebook səhifəmizdə