Novruz Məmmədov: "Dağlıq Qarabağın erməni icmasının azərbaycanlı icma ilə görüşdən imtinası münaqişənin həlli ilə bağlı danışıqları pozmağa yönəlib"
Rəsmi Bakı hesab edir ki, Dağlıq Qarabağın erməni icmasının nümayəndələrinin azərbaycanlı icma ilə görüşdən imtina etməsi münaqişənin həlli ilə bağlı danışıqları pozmağa yönəlib.
"Erməni tərəfi tez-tez belə bəyanatlar verir ki, danışıqlar prosesini pozsunlar". Bunu jurnalistlərə Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Dağlıq Qarabağın separatçı rejiminin XİN-in yaydığı bəyanata münasibət bildirərkən deyib.
Separatçı rejiminin XİN-nin cümə günü yaydığı bəyanatda qeyd olunur ki, Dağlıq Qarabağın statusu müəyyənləşməyənə qədər erməni icması azərbaycanlı icma ilə görüşə getməyəcək, məlumatı Ermənistan KİV-ləri yayıb.
N.Məmmədov deyib ki, Ermənistan tərəfi beynəlxalq ictimaiyyət və Minsk qrupu həmsədrlərinin müəyyən təzyiqləri altında danışıqlara gedirlər, bir müddət özlərini konstruktiv göstərməyə çalışırlar və bəlkə də, buna bir qədər nail olurlar.
"Amma son məqama gələndə hər hansı bir bəhanə axtarırlar ki, danışıqlardan qaçsınlar", - deyə PA-nın şöbə müdiri qeyd edib.
Onun sözlərinə görə, indiki vəziyyətdə Ermənistan tərəfinin verdiyi bu son bəyanat məhz danışıqlar prosesini qarşıda gələn müddətdə pozmaq niyyətini daşıyır. Noyabrın sonunda Berlində Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının görüşü planlaşdırılsa da, son məqamda ermənilər bu görüşdən iştirak etməkdən imtina ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB