YAP Zaqatala rayon təşkilatının fəaliyyəti ətraflı təhlil edilib

YAP Zaqatala rayon təşkilatının fəaliyyəti ətraflı təhlil edilib

Yeni Azərbaycan Partiyası (YAP) Zaqatala rayon təşkilatının VIII konfransı keçirilib. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, tədbir iştirakçıları əvvəlcə partiyanın yaradıcısı, ümummilli liderimiz Heydər Əliyevin Zaqatala şəhərinin mədəniyyət və istirahət parkında ucaldılmış abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad ediblər.

Rayon mədəniyyət evinin zalında keçirilən konfransın əvvəlində ümummilli liderimiz Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP rayon təşkilatının sədri Habil Qurbanovun hesabat məruzəsində təşkilatın əvvəlki konfransdan keçən dövr ərzindəki fəaliyyəti ətraflı təhlil edilib, təşkilat üzvlərinin rayonun ictimai-siyasi həyatındakı fəal mövqeyindən bəhs olunub, qarşıda duran vəzifələrə toxunulub.

Natiq bildirib ki, dövlət müstəqilliyinin bərpasının 20 illiyini böyük təntənələrlə qeyd etdiyimiz müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə 19 il bundan əvvəl yaradılmış YAP şərəfli yol keçmiş, milli ideyalara sadiqliyini daim sübuta yetirib. Ulu öndər Heydər Əliyevin ideyaları, onun zəngin siyasi irsi, inkişaf konsepsiyası dönməz və əbədi olan müstəqilliyimizin yollarını daim işıqlandırır.

Qeyd olunub ki, yaradıcısı ümummilli lider Heydər Əliyev olan Yeni Azərbaycan Partiyası zamanın çətin sınaqlarından şərəflə çıxaraq böyük siyasi qüvvəyə çevrilib. Partiyanın qüdrətli siyasi qüvvəyə çevrilməsinin, sıralarının gündən-günə artmasının səbəbi ondadır ki, onun yaradıcısı, ilk rəhbəri dahi şəxsiyyət, Azərbaycan xalqının xilaskarı, fəxri və iftixarı, ümummilli liderimiz Heydər Əliyev olub. Bu gün partiyanın nüfuzunun daha da yüksəlməsinin bir səbəbi də ondadır ki, bu siyasi birliyə Heydər Əliyev ideyalarının layiqli davamçısı Prezident İlham Əliyev rəhbərlik edir.

Məruzəçi bildirib ki, hazırda YAP Zaqatala rayon təşkilatı özündə 69 ərazi ilk partiya təşkilatını birləşdirir. Hesabat dövründə partiya üzvlərinin sayı 1781 nəfər və ya 26 faiz artaraq 6781 nəfərə çatıb. Üzvlərin 54 faizini, yəni 3704 nəfərini qadınlar, 40 faizini və ya 2740 nəfərini gənclər təşkil edir. Son vaxtlar partiya sıralarına qəbul olunanların keyfiyyət tərkibinə, ərazi ilk təşkilatlarının işinin yaxşılaşdırılmasına ciddi diqqət yetirilir. Təşkilat üzvləri rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edirlər.

Konfransda rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə, Milli Məclisin deputatı Kamilə Əliyeva çıxış edərək Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında Yeni Azərbaycan Partiyasının mühüm rolu və xidmətləri olduğunu bildirmiş, partiyanın rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Natiqlər Yeni Azərbaycan Partiyasının ölkəmizin ən nüfuzlu siyasi qüvvəsinə çevrilməsində onun yaradıcısı, ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətlərini önə çəkmiş, hazırda ulu öndərin siyasi xəttinin partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğulayıblar.

Konfransda təşkilati məsələyə baxılıb. Habil Qurbanov yenidən YAP Zaqatala rayon təşkilatının sədri seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə