Baş Prokurorluq qaz sızmasından baş verən partlayışlarla bağlı məlumat yayıb
Azərbaycan Baş Prokurorluğu qaz sızmasından baş verən partlayışlar və dəm qazı zəhərlənmələri ilə bağlı məlumat yayıb. SİA-nın Baş Prokurorluğun saytına istinadən verdiyi məlumata görə, Bakı Şəhər Prokurorluğu tərəfindən aparılmış araşdırmalarla müəyyən olunub ki, respublika ərazisində havaların soyuması ilə əlaqədar təbii qazdan istifadə intensivliyinin artması ilə bağlı cari ilin sentyabr-noyabr ayları ərzində Bakı şəhərində təbii qazdan istifadə zamanı qaz istehlakçıları tərəfindən müəyyənləşdirilmiş təhlükəsizlik qaydalarına əməl olunmaması, texniki normativlərə cavab verməyən qızdırıcılardan istifadə edilməsi və bu məsələlərdə səlahiyyətli orqanlar tərəfindən zəruri nəzarətin həyata keçirilməməsi səbəbindən vətəndaşların ölümü və xəsarət almaları ilə nəticələnmiş dəm qazından zəhərlənmə və qaz partlayışı hadisələrinin sayı artıb.
Qeyd edilən müddətdə Binəqədi rayonu üzrə bu xarakterli 4, Yasamal rayonu üzrə 3, Nərimanov və Xətai rayonlarının hər biri üzrə 2, Nəsimi, Sabunçu və Səbail rayonlarının hər biri üzrə isə 1 hadisə qeydə alınıb, nəticədə 15 nəfər ölüb, 7 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Həmin faktlarla əlaqədar müvafiq rayon prokurorluqlarında cinayət işləri başlanıb, istintaq aparılır.
Baş vermiş hər bir hadisə üzrə prokurorluq orqanları tərəfindən digər əlaqədar hüquq mühafizə orqanları ilə birlikdə müvafiq araşdırmalar aparılmaqla təqsirkar şəxslərin qanunla müəyyənləşdirilmiş qaydada məsuliyyətə cəlb olunması, eyni zamanda hadisələrin baş vermə səbəblərinin müəyyənləşdirilməklə onları doğuran halların aradan qaldırılması istiqamətində zəruri tədbirlərin görülməsi təmin olunur.
Bakı şəhər Prokurorluğu tərəfindən həmin məsələlər diqqət mərkəzində saxlanılır, qaz partlayışları və dəm qazından zəhərlənmə hadisələri üzrə başlanmış bütün cinayət işləri üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılır.
Fövqəladə Hallar Nazirliyi, \"Azəriqaz\" İstehsalat Birliyi və digər əlaqədar icra strukturları tərəfindən kütləvi informasiya vasitələri, o cümlədən televiziya kanalları, dövri mətbu nəşrlər vasitəsi ilə əhalidən yaşayış evlərində və ictimai binalarda təbii qazdan istifadə edən zaman diqqətli olmaları və gözlənilməz hadisənin baş verməməsi üçün texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələri barədə dəfələrlə xəbərdarlıq olunmalarına baxmayaraq qeyd edilənlərdən lazımi nəticə çıxarılmayıb.
Eyni zamanda aparılan təhlillə müəyyən edilib ki, vətəndaşların yaşadıqları mənzillərdə quraşdırılmış qaz avadanlıqlarında təbii qazdan istifadənin norma və qaydalarına əməl olunmasına nəzarətin aidiyyəti qurumlar tərəfindən lazımi səviyyədə həyata keçirilməməsi, mövcud nöqsan və qüsurların aradan qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirlərin vaxtında və mütəmadi həyata keçirilməməsi, istehlakçılar tərəfindən təbii qazdan istifadə edilməsi qaydalarına səhlənkar yanaşılması, habelə kustar üsulla hazırlanmış, müxtəlif ölkələrdən gətirilmiş standartlara uyğun olmayan qazla işləyən qızdırıcı cihazlardan istifadə edilməsi belə hadisələrin baş verməsinə səbəb olub.
Vətəndaşların həyatı, sağlamlığı, ətraf mühitin mühafizəsi üçün təhlükəsizlik tələblərinə uyğunluğunu təsdiq edən sertifikatı olmayan malların Azərbaycanda satılması və istifadə edilməsi qadağan olduğu halda bəzi hallarda qanunvericiliyin tələblərinə zidd olaraq belə malların respublika ərazisində istehsal edilməsi halları da mövcud olub. Belə ki, Respublika Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən aparılmış yoxlama zamanı müəyyən edilib ki, fiziki şəxs Mehran Manoucheri Ahmad İran İslam Respublikasından qaz sobaları üçün ehtiyat hissələri gətirərək paytaxtın Nərimanov rayonu ərazisində icarəyə götürdüyü anbarda onların yığımını həyata keçirib və üzərilərinə qanunsuz olaraq əmtəə nişanları bərkitməklə İİR-da istehsal olunmuş mal kimi satışını təşkil edib. Anbara baxış zamanı 387 ədəd \"SHAREGH TOOS\", 32 ədəd \"TEKSAN HAZAR\" əmtəə nişanlı istilik qaz sobaları, 132 ədəd həmin sobalara aid reduktor, əmtəə nişanları və sair əşyalar aşkar edilib. Cari ilin sentyabr-noyabr aylarında həmin şəxs tərəfindən istehsal olunmuş qaz sobalarından satış məqsədi ilə paytaxtda fəaliyyət göstərən ticarət müəssisələrinə göndərilmiş 2468 ədəd sobanın satışdan çıxarılması istiqamətində komitə tərəfindən müvafiq tədbirlər görülür.
Fakta görə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 197 (əmtəə nişanlarından qanunsuz istifadə etmə), 200 (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.
Paytaxt ərazisində insanların ölümünə, onların xəsarət almalarına, ölkə iqtisadiyyatına və vətəndaşlara ziyan dəyməsinə səbəb olan qaz partlayışlarının qarşısının alınması, onları doğuran səbəb və şəraitin vaxtında aradan qaldırılması üçün konkret tədbirlərin həyata keçirilməsi istiqamətində zəruri tədbirlərin görülməsi barədə Bakı şəhər İcra Hakimiyyətinə təqdimat göndərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB