“Xəzər enerjisinin Avropa perspektivləri” adlı beynəlxalq konfrans keçiriləcək
Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM), Fransanın Beynəlxalq Münasibətlər İnstitutu (İFRİ) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (ARDNŞ) birgə təşkilatçılığı ilə "Xəzər enerjisinin Avropa perspektivləri" mövzusunda beynəlxalq konfrans keçiriləcək.
SAM-dan SİA-ya verilən məlumata görə, konfransın keçirilməsində məqsəd iqtisadi və siyasi məsələlər daxil olmaqla Avropa-Xəzər dənizi enerji layihələrinin inkişafına kompleks nəzər yetirmək, regionda Azərbaycanın mövqeyini təhlil etməkdir.
Konfrans Cənub-Şərqi Avropa regionunun enerji təminatı barədə fikir mübadiləsi aparmağa və regionda əməkdaşlığın daha da genişlənməsinə xidmət edir.
Tədbirdə Avropanın enerji təhlükəsizliyi sistemində Azərbaycanın oynadığı rol, həll olunmamış münaqişələrin qlobal təhlükəsizliyə təsiri, Xəzər-Cənubi Qafqaz regionunun müasir geosiyasəti, regional əməkdaşlıq məsələləri, ölkəyə yeni sərmayələrin cəlb olunması, işgüzar əməkdaşlığın möhkəmləndirilməsi kimi məsələlər ətrafında müzakirələr aparılacaq.
Tədbirdə Fransanın Beynəlxalq Münasibətlər İnstitutunun icraçı vitse-prezidenti Dominik David, İFRİ-nin enerji mərkəzinin baş müşaviri səfir Vilyam Ramsey, Qlobal Təhlükəsizliyin Təhlili İnstitutunun prezidenti Gul Luft, Enerji Strategiyası üzrə Rusiya İnstitutunun direktor müavini Aleksey Qromov, Rusiya Elmlər Akademiyası nəzdində Avropa İnstitutunun Enerji Mərkəzinin rəhbəri Aleksey Xaytun, ARDNŞ-nın vitse-prezidentinin müavini Vitaliy Bəylərbəyov, Baxçaşəhər Universitetinin (Türkiyə) profesoru Mert Bilgin və digər ekspertlər çıxış edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB