Bayramqabağı qiymətlər yenə də artdı

Bayramqabağı qiymətlər yenə də artdı
Qurban bayramına sayılı günlərin qalması hər il olduğu kimi ilk əvvəl ətin qiymətində özünü göstərməkdədir. Bazar-dükanı gəzib alış-veriş edən hər kəs yaxın günlərdə hansısa bir bayramın gəlişindən xəbər tutur. Bayram gəlir, özü də müsəlmanların müqəddəs bayramı olan Qurban bayramı. Bayramdan öncə bir qrup işbazlar bazarlara əməlli-başlı əl gəzdiriblər. Ərzağın qiyməti qalxıb at belinə. Bir neçə gün əvvəl 8 manata olan quzu əti indi bazarlarda 9 manata piştaxtaları bəzəyir. Satıcılar ətin qiymətində olan bahalaşmanı Qurban bayramının yaxınlaşması ilə izah edirlər. " Bayrama 5 gün qalıb. Hazırda paytaxtda quzu ətinin qiyməti 9 manatdır.Ötən həftə 8 manat olub" Artıq bir neçə gündür ətlik diri heyvan bazarında da canlanma müşahidə olunur, daha çox xırdabuynuzlu heyvanlar ölkənin müxtəlif rayonlarından satılmaq üçün paytaxta gətirilir. "Biz qurbanlıq qoyunları Bərdə rayonundan gətiririk. Orda isə özümüz saxlayırıq. Keçən il 7 manata satırdıq bu il isə 8 manat olub". Yolumuzu bu dəfə Yasamal rayonu ərazisində yerləşən sallaqxanalardan saldıq. Uzun illərdir ət alveri ilə məşğul olan Namiq Zeynalov isə heyvan saxlayıb satmağın astarın üzündən baha başa gəldiyi kimi bir şey olduğunu deyir. "Bu il quzu ətinin bahalaşmasını həmin heyvanlara çəkilən xərcin çox olması ilə əlaqəlidir. Mən bu heyvanları Ağdamdan Bakıya gətirincə yolda nə az, nə çox 700 manat pul xərcləmişəm". Belə getsə Azərbaycan əhalisinin böyük hissəsi yavaş-yavaş əti qida rasionundan çıxarmaq məcburiyyətində qalacaqlar. Hər halda qiymətlərin neçəliyindən asılı olmayaraq bayram günü qurbanınız qoyun olsun.

Bütün xəbərlər Facebook səhifəmizdə