Mövlud Çavuşoğlu: \"Ermənistan Dağlıq Qarabağla bağlı yaradılan Alt Komitənin fəaliyyətinə hörmət etməlidir\"
Ermənistan tərəfi Dağlıq Qarabağla bağlı yaradılan Alt Komitənin fəaliyyətinə hörmət etməlidir. SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Mövlud Çavuşoğlu bildirib.
O deyib ki, AŞPA dialoq və insan haqqlarının qorunması naminə Dağlıq Qarabağla bağlı Alt Komitəni yaradıb. "Çox təəssüf ki, Ermənistan tərəfi bu komitəyə qatılmır. Ən azından AŞPA-nın verdiyi qərara Ermənistan hörmət etməlidir. Çox təəssüf ki, ermənilər bunu etmir".
M.Çavuşoğlu xatırladıb ki, ötən həftə Strasburqda keçirilən AŞPA-nın iclası çərçivəsində Alt Komitə təkrar toplanıb. Həmin toplantı ilə bağlı hesabatın hazırlanacağını deyən AŞPA prezidenti hesabatın ona təqdim olunacağını vurğulayıb. M.Çavuşoğlu deyib: "Biz ən azından Dağlıq Qarabağ münaqişəsi ilə bağlı insan haqları problemlərini minumuma endirmək istəyirik. Bu istiqamətdə dialoqun aparılması vacibdir. Əgər sülh istənilirsə, dialoq aparılmalıdır. AŞPA-nın Dağlıq Qrabağ münaqişəsinə dair Alt Komitəsi olaraq indi biz daha əvvəl ortaya atılmış qətnamə layihəsini müzakirə edirik. Səsvermə yolu ilə Dağlıq Qarabağla bağlı Alt Komitənin yaradılmasına qərar vermişik. Bunun da əsas məqsədi mövcud olan problemlərin beynəlxalq hüquq çərçivəsində həllinə nail olmaqdır. Azərbaycanın işğal edilmiş torpaqları ilə bağlı, insan hüquqları ilə bağlı ciddi problemlər var. Hazırda Azərbaycanda bu torpaqlardan didərgin düşmüş 1 milyondan artıq qaçqın və məcburi köçkünlər mövcuddur ki, bunun da səbəbkarı Ermənistanın işğalçılıq siyasətini davam etdirməsidir. Baxmayaraq ki, Azərbaycan Prezidenti onların problemlərinin həlli ilə məşğul olur, amma 1 milyondan artıq insanın normal yaşayış səviyyəsini saxlamaq asan deyil. Çünki həmin insanlar öz doğma torpaqlarına qayıtmaq istəyirlər və qayıtmalıdırlar".
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti həmçinin son vaxtlar cəbhə xəttində Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini intensiv olaraq pozması məsələsinə münasibət bildirib: "Avropa Şurası Ermənistan tərəfinin bu cür addımlarını qəbul etmir. Fərqi yoxdur, istər terror, istərsə də müharibə zamanı insanların ölməsinə AŞPA razı ola bilməz. Biz münaqişənin sülh yolu ilə həllini istəyirik və bu istiqamətdə Ermənistanın konstruktiv addımlar atması lazımdır. Avropa Şurası olaraq bizim mövqeyimiz belədir".
İlkin Nəcəfov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB