Bakıda Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə beynəlxalq tədbir keçirilib -YENİLƏNİB
Bu gün Bakıda Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümünı həsr olunmuş beynəlxalq tədbir başlayıb.
SİA-nın məlumatına görə, tədbirdə dünyanın 58 ölkəsindən 300-ə yaxın tanınmış ictimai-siyasi xadim, o cümlədən Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT, Avronest, Avropa ölkələri parlamentlərinin deputatları, hazırkı və keçmiş dövlət xadimləri, Nobel mükafatı laureatları, ABŞ-ın regional spikerləri, keçmiş konqresmen və senatorlar, alim və biznesmenlər, Azərbaycanın dövlət və hökumət təmsilçiləri, ictimai-siyasi xadimlər iştirak edirlər.
Tədbirdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib. Dövlət başçısı tədbirdə nitq söyləyib.
Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov isə çıxışında bildirib ki, Azərbaycan 20 ildə bir dövlət olaraq formalaşıb və demokratik, sivil, mədəni və tolerant əhalisi olan bir dövlətdir. "Azərbaycan mədəni, tolerant bir dövlətdir. Azərbaycan həm də enerji mənbəyi və nəqliyyat yollarının kəsişdiyi məkan olmaqla yanaşı həm də müsəlman Şərqinin ilk operasını yaradıb. Azərbaycan Şərqdə ilk demokratik dövlət yaratdı. Bizim bu gün qurduğumuz dövlət həmin dövlətin varisidir. Azərbaycan bəzi Avropa ölkələri sırasında birinci olaraq bəzi siyasi hüquqların bərabər bölündüyü məkan olub. 1919-cu ildə qadınlara seçki hüququ verildi. Azərbaycan heç vaxt demokratik idarəçilik sistemindən imtina etməyəcək".
Azərbaycanın coğrafi mövqeyi barəsində geniş məlumat verən Ə. Həsənov qeyd edib ki, ölkəmiz Xəzər dənizində zəngin neft yataqlarına malik bir dövlətdir: "Azərbaycan SSRİ zamanında neft və qazla zəngin bir dövlət idi. Xəzərdə tapılan neft-qaz yataqları Avropanı 100 il enerji ilə təmin etməyə qadirdir. Azərbaycan 1994-1998-ci illərdə dünyaya alternativ enerji mənbəyi kimi daxil oldu. Coğrafi mövqeyinə görə Azərbaycan Cənubi Qafqazın ən böyük dövlətidir. Azərbaycan Cənubi Qafqaz ölkələri arasında ən zəngin təbii resurslara malikdir. 14 milyard barel neft, 2,55 trilyon kubmetr qaz ehtiyatı var. Ehtimal olunun 7 trilyon kubmetr qaz ehtiyatı var. Azərbaycanda qızıl, mis və digər ehtiyatlar var".
PA rəsmisi deyib ki, ölkədə 4500-ə yaxın telekanal, jurnal, qəzet, internet portalları qeydiyyatdan keçib. Onların fəaliyyəti üçün Avropa standartlarına cavab verən qanunvericilik bazası yaradılıb: "Azərbaycan postsovet məkanında yeganə ölkədir ki, burada mətbuat və informasiya nazirliyi yoxdur. Azərbaycanda gündəlik qəzetlərin sayı 50-yə yaxındır. Ölkədə regional, tematik, sahə qəzetləri də var. Azərbaycanda 1998-ci ildən sonra telekanalların fəaliyyəti lisenziyalaşdırılıb. 14 regional, 14 radio, 14 kabel, 1 peyk televiziyası fəaliyyət göstərir\", - Həsənov əlavə edib.
Daha sonra çıxış edən Ziyafət Əsgərov bildirib ki, Ermənistanın ölkəmizə təcavüzünün ağır nəticələri bütövlükdə Cənubi Qafqaz bölgəsinin inkişafı və Avropa inteqrasiyası yolunda ən böyük maneədir. Onun sözlərinə görə, bir sıra beynəlxalq təşkilatlar o cümlədən BMT, ATƏT, Avropa Şurası, Avropa Parlamenti müvafiq qərarlar qəbul edərək işğal olunmuş Azərbaycan torpaqlarının geri qaytarılmasını tələb ediblər: \"Ermənistan -Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması, işğalçı ölkənin qoşunlarının ölkəmizdən çıxarılması, dövlətimizin suverenliyinin, ərazi bütövlüyünün bərpa edilməsi, qaçqın və məcburi köçkünlərin yaşayış yerlərinə qaytarılması Ermənistan və Azərbaycan arasında uzun müddətli möhkəm sülh yaratmağa, erməni və Azərbaycan xalqının normal qonşuluq münasibətlərini bərpa etməyə imkan verərdi. Münaqişənin həlli məsələsində ölkəmizin tutduğu mövqe tamamilə ədalətli olub. Bu mövqe hamılıqla qəbul edilmiş hüquq normalarına və prinsiplərinə əsaslanır. Çox təəssüf ki, beynəlxalq təşkilatlar tərəfindən müvafiq qərarların həyata keçirilməsi indiyədək təhlil edilməyib, ATƏT Minsk qrupunun fəaliyyəti ona bağlanan ümidləri doğrultmayıb. Vəziyyətin bu cür qalmasının nə qədər təhlükəli olduğunu izah etməyə ehtiyac yoxdur".
Ziyafət Əsgərov eyni zamanda qeyd edib ki, Ermənistanın sülh danışıqları prosesində tutduğu qeyri-konstruktiv mövqe, Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina etməsi, ordusunu ən müasir hücum silahları ilə təmin etməsi, atəşkəs rejimini pozması faktları müharibə tonqalının yenidən alovlanması təhlükəsini artırır. "Bununla əlaqədar biz beynəlxalq təşkilatları Azərbaycanın xalq işinə dəstəyi artırmağa səsləyirik. Ümid edirik ki, birgə səylərimizlə bu problemin tezliklə nizama salınmasına nail olacağıq".
Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənov isə çıxışında indiki Ermənistanın Azərbaycanın tarixi torpaqları üzərində qurulduğunu bildirib. Azərbaycanlıların öz tarixi torpaqlarından müxtəlif vaxtlarda deportasiya edildiyini deyən Əli Həsənov SSRİ qoşunlarının Azərbaycan torpaqlarının 20 faizinin işğalına kömək etdiyini vurğulayıb: " Son 20 ildə Azərbaycan qaçqın və məcburi köçkünlərə 4,5 milyard dollar vəsait sərf edib. Buna səbəb isə Dağlıq Qarabağ münaqişəsinin hələ də öz həllini tapmamasıdır. Bunun da müəyyən səbəbləri var. Şəxsi fikrimi deyirəm. Səbəbi dünyada ədalətsizliyin baş alıb getməsidir. Belə olan halda dünya dövlətlərindən necə demokratiya, insan haqları dərsi alaq? Bizə sonra deyirlər demokratiya. Azərbaycanda demokratiya, insan hüquqları 100 il bundan əvvəldən var. Ancaq bizə münasibət başqadır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB