Azərbaycan Baş Prokurorluğu Rüstəm Usubovun səhhətində problem yaranması barədə məlumatlarla bağlı açıqlama yayıb
Azərbaycan Baş Prokurorluğu Baş prokurorun birinci müavini Rüstəm Usubovun səhhətində problem yaranması barədə mətbuatda gedən məlumatlarla bağlı açıqlama yayıb.
SİA-nın məlumatına görə, Baş Prokurorluğun Hüquqi Təminat və İnformasiya İdarəsinin rəisi, baş ədliyyə müşaviri Natiq Hüseynovun adından yayılmış açıqlamada deyilir: ""Musavat.com internet saytında 22 sentyabr 2011-ci il tarixdə Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini Rüstəm Usubovun səhhəti ilə bağlı dərc olunmuş məlumatı həqiqətə və obyektiv reallığa uyğun olmayan, etik davranış tələblərini pozmaqla insanların heysiyyətinə toxunan yazı kimi qiymətləndiririk.
Həqiqətən, Belarus Respublikasında səfərdə olarkən iştirak etdiyi beynəlxalq tədbir başa çatdıqdan bir neçə saat sonra səhhətində yaranmış problemlə əlaqədar Baş prokurorun birinci müavini Rüstəm Usubov Minsk şəhərində tibb müəssisəsinə müraciət etməklə müvafiq müalicə alıb və yaxın günlərdə xidməti vəzifələrinin icrasına başlayacaq.
Bu məsələ ilə əlaqədar Baş Prokurorluğun rəsmi mövqeyi öyrənilmədən və jurnalist etikası qaydaları pozulmaqla yazılan qeyd olunan məlumat ictimai rəyi çaşdırmaq və ucuz sensasiya yaratmaq məqsədi daşıyır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB