“Beynəlxalq Sülh Günü”-FOTO

Bu gün Gənclər və İdman Nazirliyin gənclər "Sülh aylığı" çərçivəsində "Beynəlxalq Sülh Günü"nü qeyd ediblər. SİA-nın xəbərinə görə, konfransda tələbə-gənclər təşkilatlarının, gənclər təşkilatlarının nümayəndələri və fəal gənclər iştirak ediblər.

Gənclər və İdman Nazirliyinin Gənclərlə İş şöbəsinin müdiri Fərhad Hacıyev bildirib ki, dünyada hər kəs sülh içində yaşamaq istəyir. Bir çox hallarda münaqişələrin qanlı hadisələrlə yekunlaşdığını deyən şöbə müdiri vurğulayıb ki, hər bir münaqişənin sülh yolu ilə həll olunması insanların rifahına müsbət təsir edir. Onun sözlərinə görə, 20 ildir ki, Azərbaycan torpaqları işğal altındadır, 1 milyon qaçqın və məcburi köçkünü var.

"Torpaqların Ermənistan tərəfindən işğal altında saxlanması regionda sülhün bərqərar olmasına mane olub. 1981-ci ildə BMT Baş Assambleyası Beynəlxalq Sülh gününü-qlobal atəşkəs və zorakılıqsız bir gün kimi təsis edib. Bununla da BMT bütün xalqları həmin gün atəşkəsə əməl etməyə çağırıb.Beynəlxalq Sülh Günü 1982-ci ildən keçirilir və bu gün dünya ölkələrində bir dəqiqəlik sükutla, BMT-nin Nyu-Yorkdakı qərargahında sülh zəngi çalınmaqla qeyd olunur", - deyə o əlavə edib.

Konfransın davamında Sülh Mədəniyyəti Naminə Gənclər İctimai Birliyinin sədri Ləman Hacızadə \"Hər bir cəmiyyətdə sülh mədəniyyətinin formalaşması dünyada sülhün bərqərar olmasının əsas amilidr\", Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov \"Cəmiyyətimizdə sülh mədəniyyətinin və insan hüquqlarının təbliğində tələbələrin rolu\" mövzusunda çıxışlar ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə