İTE Group: “Azərbaycanı Aİ-nın enerji təhlükəsizliyinin təminatında ən etibarlı tərəfdaşıdır”
Niderlandın Rotterdam şəhərində "Xəzər regionunda neft və təbii qaz imkanlarının aşkarlanması" adlı konfrans keçirilib. Azərbaycanın Niderlanddakı səfirliyindən SİA-ya verilən xəbərə görə, konfransda bu ölkədə akkreditə olunmuş diplomatlar, enerji sahəsində fəaliyyət göstərən nüfuzlu şirkətlərin rəhbərləri, dövlət və maliyyə qurumlarının, tədqiqat mərkəzlərinin nümayəndələri iştirak ediblər.
Tədbirdə Xəzər dənizi regionunda xüsusən Azərbaycan və Qazaxıstanda neft və qaz sahələrinin inkişafı, sərmayələrin qoyuluşu və bölgənin enerji resurslarının dünya bazarlarına nəqli imkanları ətrafında müzakirələr aparılıb. Azərbaycanın Niderlanddakı səfiri Fuad İsgəndərov "Avropa İttifaqının enerji təhlükəsizliyi: Yeni imkanlar. Azərbaycandan baxış" mövzusunda geniş təqdimatla əsas məruzəçi qismində çıxış edib.
Təqdimatda Azərbaycanda neft və qaz sahələrinin inkişafından, ölkənin enerji strategiyasının əsas prinsiplərindən, xarici sərmayəçilər üçün yaradılmış imkanlardan və s. bəhs olunub.
Diplomat Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolu barədə iştirakçılara ətraflı məlumat verib. Bildirilib ki, Xəzər regionunda yerləşən idxalçı ölkələrdən təbii qazın Avropaya nəql edilməsi həlledici məsələyə çevrilir və Azərbaycan hökuməti bununla bağlı çoxşaxəli siyasət həyata keçirir.
Azərbaycanlı diplomat enerji daşıyıcılarının nəqli üçün hazırda istifadə olunan neft və qaz kəmərlərindən, eyni zamanda, gündəmdə olan yeni layihələrdən də danışıb. Səfir Avropa İttifaqı tərəfindən Xəzər regionundan qazın Cənub dəhlizi ilə Avropaya nəql edilməsinə dair Azərbaycan və Türkmənistan hökumətləri arasında danışıqların başlanması məqsədilə Avropa Komissiyasına mandatın verilməsi məsələsini vurğulayıb.
F.İsgəndərov iştirakçılara bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Xəzər dənizinin Azərbaycana aid hissəsində yeni böyük "Abşeron" təbii qaz yatağının aşkar edilməsi haqqında mətbuata açıqlama verdiyini diqqətə çatdırıb.
Enerji üzrə mütəxəssis John Roberts, İTE Group şirkətinin neft-qaz bölməsinin rəhbəri Graeme Coombes, "Deloitte Consulting" şirkətinin nümayyəndəsi Martin de Jong, Niderlandın İNG Bankın nümayyəndəsi John de Lange və "Salans" beynəlxalq hüquq şirkətinin Bakı bölməsinin rəhbəri James Hoganın çıxışlarında Azərbaycanda xarici şirkətlərin səmərəli fəaliyyətləri üçün yaradılmış imkanları xüsusi vurğulayıblar. Məruzəçi İTE Group şirkətinin neft-qaz bölməsinin rəhbəri Graeme Coombes Azərbaycanı Avropa İttifaqının enerji təhlükəsizliyinin təminatında ən etibarlı və perspektivli tərəfdaş kimi qiymətləndirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB