Məlahət İbrahimqızı: “Həmsədrlərin bölgəyə səfərini turistik səfər adlandırmaq olar” - AÇIQLAMA

Məlahət İbrahimqızı: “Həmsədrlərin bölgəyə səfərini turistik səfər adlandırmaq olar” - AÇIQLAMA

ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətindən hədsiz dərəcədə narazıyam. Onlar 20 il ərzində münaqişənin nizamlanması istiqamətində heç bir iş görməyiblər. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisinin deputatı Məlahət İbrahimqızı deyib. Onun sözlərinə görə, həmsədrlərin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bölgəyə səfərini turistik səfər adlandırmaq olar: "Mən şəxsən ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətindən heç nə gözləmirəm və hesab edirəm ki, həmsədrlərin tərkibini dəyişmək lazımdır. Çünki, onlar burada bir fikir, Ermənistanda isə başqa fikir səsləndirirlər".

Millət vəkili hesab edir ki, həmsədr dövlətlər də münaqişənin nizamlanmasına ikili standartlarla yanaşırlar. Buna səbəb münaqişə tərəflərinin eyni statusla dəyərləndirilməsidir: "İşağlçı Ermənistan, torpaqları işğal olunan isə Azərbaycandır. Lakin tərəflər eyni statusla dəyərləndirilir. Həmçinin hər iki tərəfdən eyni güzəştlərin tələb olunması göstərir ki, ATƏT-in Minsk qrupu demək olar ki, bu problemin həll olunmasını istəmir. Həmsədr dövlətlər arasında isə aparıcı, münaqişənin həllinə təsir etmə gücünə malik olan Rusiyadır. Rusiya heç vaxt istəməz ki, regionda mövcud olan marağı zəifləsin. Ermənistan isə tarix boyu Rusiyanın \"for-post\"u rolunda çıxış edib. Belə ki, İrəvanın Dağlıq Qarabağla səsləndirdiyi hər bir söz Ermənistan rəhbərliyinin yox Moskvadan alınan təlimatlardır. 9 milyondan çox əhalisi olan güclü Azərbaycan dövləti 2 milyonluq Ermənistanın qarşısında aciz olacaq? Bu aysberqin görünən tərəfidir. Lakin görünməyən tərəfidə mövcuddur.

Elə ay olmaz ki, Rusiyadan Ermənistana hərbi dəstək göndərilməsin. Ona görə hesab edirəm ki, ATƏT-in Minsk qrupunun fəaliyyətindən heç bir şey gözləmək olmaz. Biz özümüz güclənməliyik. Möhtərəm prezidentimiz İlham Əliyevin Dağlıq Qarabağla bağlı apardığı siyasəti dəstəkləməliyik. Bu zəmində prezidentimiz xalqın onu dəstəklədiyini hiss etməlidir. Bizim gücümüz Ermənistandan 10-20 dəfə artıq olandan sonra Ermənistan və onu müdafiə edən dövlətlər görəcəklər ki, vəziyyətin belə davam etməsinin axırı yoxdur və sakitcə yerində oturacaqlar".

Dağlıq Qarabağ münaqişəsinin digər beynəlxalq təşkilatların xüsusilədə BMT səviyyəsinə qaldırılmasına gəlincə, millət vəkili hesab edir ki, bu, Azərbaycan xalqının haqqıdır. Lakin Azərbaycan cəmiyyəti də BMT-nin fəaliyyətindən çox narazıdır. Belə ki, 17 il bundan öncə qurumun qəbul etdiyi dörd qətnamənin icrası ilə bağlı heç bir addım atılmayıb: "Sanki BMT-nin vecinə deyil. Amma BMT Liviya ilə bağlı bu gün qərar qəbul etdi və sabahdan icrasına başlanıldı. Təbii ki, biz Qəddafi rejimini müdafiə etmirik. Amma necə olur onlar Azərbaycanın 1 milyonluq qaçqın və məcburi köçkünlərini, Ermənistanın işğalçılıq siyasətini görmürlər? Qətnaməni qəbul edirlər və birazda tənqidə məruz qalan kimi deyirlər ki, mexanizm yoxdur. Liviyada tətbiq etdikləri mexanizmi Qarabağda da tətbiq etsinlər.

Bu zəmində BMT-nin də ikili standartlardan çıxış etməsi göz qabağındadır.

Həmçinin bir ildən artıqdır ki, dünya ictimaiyyəti diqqətini İsrailin "Mavi Mərmərə" gəmisində törətdiyi cinayətə yönəldib. İsrailin gəmiyə qarşı cinayət əməli heç bir beynəlxalq hüquqa sığmır. Ən azı Türkiyənin 9 mülki vətəndaşı həlak olub. Necə olur ki, BMT bu cür qərar qəbul edir?

Bilirsiniz biz hər zaman Qarabağ probleminin beynəlxq təşkilatların gündəliyində saxlamalıyıq, bu istiqamətdə danışıqlar aparıb, müzakirələr təşkil etməliyik. Bu ilk növbədə münaqişənin dünyanın gündəmində daim yeni qalmasına çalışmalıyıq, "dondurlmuş" münaqişələr sırasına daxil edilməsinin qarşısını almalıyıq. Biz həmişə beynəlxalq təşkilatların ikiüzlü siyasətinə, ikili standartlarına qarşı sözümüzü deməliyik. Çünki biz də BMT-nin bərabər hüquqlu üzvüyük.

Həmçinin beynəlxalq təşkilatlar fikirləşməlidir ki, ikili standartlar onların imicinə mənfi təsir edir. Ən azı onlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yardım etməklə imiclərini az da olsa qoruya bilərlər".

Bütün xəbərlər Facebook səhifəmizdə