Aydın Mirzəzadə: “İsrail-Türkiyə arasında indiki dövrdə arbitr olmaq çox çətindir” - MÜNASİBƏT
İsrail-Türkiyə arasında indiki dövrdə arbitr olmaq çox çətindir. Bu sözləri SİA-ya açıqlamasında YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə bildirib. Onun sözlərinə görə, iki dövlətin münasibətlərinin gərginliyi heç də region dövlətlərinin xeyrinə deyil: "İsrail-Türkiyə münasibətləri bu gün dünya mətbuatında aparıcı mövzularından biridir. Çünki, iki dövlət dünyanın nüfuzlu və aparıcı dövləti olmaqla yanaşı, tərəflər arasında dostluq münasibəti də mövcud olub. Son dövrlərdə bir sıra insidentlərə görə, tərəflər arasında soyuq münasibət yaranıb.
Azərbaycan bu məsələni diqqətdə saxlayır. Türkiyə bizim strateji müttəfiqimizdir. Türkiyənin uğurlarının çox olmasında, onun nüfuzlu dövlət olmasında Azərbaycan maraqlıdır. İsrail dövləti ilə isə bizim qarşılıqlı əməkdaşlıq etdiyimiz bir neçə sahədə münasibətlərimiz var. Biz yaranan münasibətlərdən təəssüflənirik".
Millət vəkili hesab edir ki, İsraillə Türkiyənin əməkdaşlığı regionda stabilliyin saxlanılmasına xidmət edirdi. A.Mirzəzadə vurğulayıb ki, mövcud gərginlik müəyyən dövr ərzində davam edəcək: "Hazırki durum uzunmüddətli problemlərə münasibətlərə ciddi təsir edəcək məsələ deyil. Bir gəmi insidentinə görə, münasibətlərin bu səviyyəyə çatması həm Türkiyənin dostlarının, həm də İsraillə münasibətdə olan dövlətləri çox ciddi narahat edir. Problemin tezliklə aradan qaldırılmasını, masa ətrafında tərəflərin diplomatik yolla öz məsələsini həll etmələrini arzu edirik. Əlaqələrin dayandırlması tərəflər arasında siyasi-iqtisadi cəhətdən dövlətlərin maraqlarına ciddi ziyan vurur. Arzu edərdik ki, indiki dövr üçün xarakterik olan bu gərginlik qısa zaman ərzində hər iki tərəfin xoşniyyəti ilə aradan qaldırılsın".
ABŞ-İran münasibətlərinin gərginləşməsi fonunda rəsmi Bakının atacağı addımlara gəlincə millət vəkili bildirib ki, Azərbaycan hər iki dövlətlə strateji dostluq münasibəti mövcuddur və dostlarının belə münasibətdə olmasından ciddi narahatdır. Belə ki, Azərbaycan münasibətlərin gərginləşməsinə imkan verməmək üçün öz üzərinə düşən vəzifəni yerinə yetirməyə hazırdır: "İran mövzusu bir qədər mürəkkəb və dərin mövzudur. İranın nüvə proqramı ilə bağlı tədqiqatları Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) təşkilatını və Qərb dövlətlərini çox ciddi narahat edir. Bunlar arasında anlaşmanın olmaması ABŞ və Qərb tərəfindən İrana qarşı sanksiyaların yürüdülməsinə gətirib çıxartdı. Hazırda isə münasibətlər heç də xoşagələn vəziyyətdə deyil. Bəzən bu münasiəbətlərin müharibə fazasına keçəcəyi deyilir. Amma hesab edirəm ki, tərəflər bu vəziyyətə münasibətlərini çatdırılmayacaqlar. Çünki İraqda, Əfqanıstanda hələ sona qədər həll edilməyən, regionun barıt çəlləyinə oxşadığı bir zamanda yeni gərginlik ocağının meydana gəlməsi düşünülməmiş addım olar.
Rəzmi Bakı isə öz növbəsində İranın nüvə proqramı ilə bağlı tədqiqatların aparılmasının Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) təşkilatı ilə razılaşdırılmasının tərəfdarıdır. Çünki, bu tədqiqatlar sülh xarakterli olmalı, beynəlxalq birlik bundan hər hansı bir narahatçılıq hiss etməməlidir.
İkincisi isə Azərbaycan İrana qarşı hər hansı hərbi əməliyyatların aparılmasının qəti əleyhinədir. Eyni zamanda Azərbaycan rəhbərliyi bəyan edib ki, Azərbaycan ərazisindən İrana hər hansı bir formada əməliyatlar aparıla bilməz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB