DSX: “Ötən ay dövlət sərhədini pozduğuna görə 46 halda 80 nəfər saxlanılıb”

DSX: “Ötən ay dövlət sərhədini pozduğuna görə 46 halda 80 nəfər saxlanılıb”

Cari ilin avqust ayı ərzində dövlət sərhədini pozduğuna görə 46 halda 80 nəfər saxlanılıb. Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən SİA-ya verilən məlumata görə, sərhəd nəzarət buraxılış məntəqələrində 34 halda 65 nəfər saxta, 2 halda 2 nəfər özgəsinə məxsus sənədlə dövlət sərhədindən keçməyə cəhd edərkən saxlanılıb. Sərhəd zastavalarının xidməti ərazilərindən 12 halda 16 nəfərin dövlət sərhədini pozmaq cəhdinin qarşısı alınıb.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 121 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 10 halda 36 kiloqram 723,5 qram narkotik maddənin, o cümlədən 33 kiloqram narkotik tərkibli həbin, 3 kiloqram 529 qram heroinin, 154,5 qram tiryəkin, 40 qram marixuananın dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

DSX əməkdaşları tərəfindən "Xaş-xaş-2011" şərti adı altında həyata keçirilən kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində Ağstafa rayonun Sadıxlı, Balakən rayonunun Göyəmtala kəndləri ərazisində ümumi çəkisi 1207 kiloqram olan yabanı halda bitmiş 2182 ədəd çətənə kolu, aşkar olunaraq məhv edilib.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində 43 halda ümumi dəyəri təqribən 272 min manat olan qaçaqmal, o cümlədən 509 ədəd müxtəlif ölçülü patron, 3000 ədəd kapsul, 1 kq barıt, 4 ədəd siqnal minası, bir ədəd motosiklet, 1700 ədəd pirotexniki vasitə, 3 baş at, 1123 qutu siqaret, 2 ədəd gizli videokamera, 48 ədəd müxtəlif zinət əşyaları, 365 ədəd mobil telefon, 911 ədəd mobil telefon aksessuarları, müxtəlif spirtli içkilər, ərzaq, sənaye və kənd təsərrüfatı malları saxlanılıb.

Respublikamızın dəniz sərhədləri istiqamətində dövlət sərhədinin mühafizəsi və sərhəd rejim qaydalarının qorunması istiqamətində keçirilmiş tədbirlər nəticəsində 4 halda 7 nəfər sərhəd rejim pozucusu saxlanılıb, dənizdən 50 metr tor aşkar olunaraq götürülüb.

Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə