DİN Azərbaycanın Tovuz rayonunda 13 yaşlı uşağın ermənilər tərəfindən öldürülməsi faktı ilə əlaqədar məlumat yayıb

DİN Azərbaycanın Tovuz rayonunda 13 yaşlı uşağın ermənilər tərəfindən öldürülməsi faktı ilə əlaqədar məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) Tovuz çayının kənarından tapılan oyuncağın partlaması nəticəsində 1998-ci il təvəllüdlü qızın həlak olması barədə məlumat açıqlayıb. DİN-in mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, iyulun 14-də saat 15.30 radələrində Tovuz rayonunun Yuxarı Mülkülü kənd sakini, 16 yaşlı Elsevər Cəfərov və onlarda qonaq olan 12 yaşlı Aygün Şahmalıyeva Tovuz çayının kənarından tapdıqları oyuncağı evə gətiriblər. Həmin oyuncaq evdə partlayıb. Nəticədə Aygün hadisə yerində dünyasını dəyişib, onun anası Elnarə isə ayaqlarından xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla əlaqədar rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, məlum hadisə ötən gün Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndində baş verib. Partlayıcı qurğunun işə düşməsi nəticəsində 1998-ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı həlak olub, onun anası 1979-cu il təvəllüdlü Şahmalıyeva Elnarə Məmmədtağı qızı isə bədəninin bud nahiyəsindən xəsarət alaraq yaralanıb.

Məlumata görə, partlayıcı qurğu quraşdırılmış "itəbənzər" uşaq oyuncağı Ermənistan tərəfindən Əlibəyli kəndinə daxil olan Tovuz çayına buraxılıb. Həmin ərazidə oynayan Cəfərov Elsəvər Həsən oğlu və Şahmalıyeva Aygün Zirəddin qızı oyuncağı taparaq Cəfərov Həsənin evinə gətiriblər. Evdə oynayan zaman A. Şahmalıyeva oyuncağı masanın üstünə vurub, nəticədə partlayış baş verib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Xatırladaq ki, 1994-cü ildə həmin ərazidə analoji hadisə baş vermişdi. Belə ki, Ermənistan tərəfindən çaya buraxılan oyuncağı götürərkən partlayış baş verməsi nəticəsində iki azyaşlı uşaq həlak olmuş, biri isə yaralanmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə