Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin 42-ci ildönümü paytaxtda təntənəli şəkildə qeyd olunub - FOTOSESSİYA

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin 42-ci ildönümü paytaxtda təntənəli şəkildə qeyd olunub - FOTOSESSİYA
Bu gün Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycanın müstəqillik tarixinə şanlı səhifə kimi yazılan ulu öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə hakimiyyətə gəlişinin 42-ci ildönümü münasibəti ilə Milli Parkda bayram konserti və atəşfəşanlıq təşkil edib.


SİA-nın məlumatına görə, bir neçə saat davam edən konsertdə şəhərimizin minlərlə sakini və qonaqları respublikamızın tanınmış incəsənət ustalarının çıxışlarını böyük maraqla izləyiblər.


Konsert proqramında Lalə Məmmədova, Ədalət Şükürov, \"Eurovision 2010\" mahnı müsabiqəsində Azərbaycana beşincilik qazandıran Səfurə Əlizadə, Manana, \"Şeron\" qrupu, \"Rast\" qrupu və digər müğənnilərin ifaları Milli Parka toplaşan tamaşaçıların bayram ovqatını yüksəldib.


Dənizkənarı Milli Parka toplaşan şəhər sakinləri məhz ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə inkişaf edən, gözəlləşən, son vaxtlar isə getdikcə yeni görkəm alan doğma Bakımızın səmasını al-əlvan rənglərə boyayacaq bayram atəşfəşanlığını seyr etmək zamanın yetişməsini həsrətlə gözləyirlər.


... Qırx iki il bundan əvvəl, 1969-cu ilin iyulunda Sovet Azərbaycanının tarixində gələcək müstəqil Azərbaycanın tarixinə hesablanmış böyük və misilsiz bir hadisə baş verdi. Bütün ömrünü Azərbaycan adlı bir məmləkətin varlığına bağlamış, taleyi Azərbaycan adı ilə qoşa yazılmış xalqımızın xilaskar oğlu, dünyanın ən böyük siyasətçilərindən biri olan Heydər Əliyev ilk dəfə Azərbaycana rəhbərlik etməyə başladı.


Bu gün ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 42-ci ildönümünü qeyd edirik. Ulu öndərin 1969-cu il 14 iyulda Azərbaycanda rəhbərliyə gəlməsi Azərbaycanın ən yeni tarixinin dönüş mərhələsinin başlanğıcı idi. Həmin dövrdə Heydər Əliyevin siyasi rəhbərliyə gəlişinin əhəmiyyəti, Azərbaycanın sonrakı mərhələdə əldə etdiyi uğurları öncə ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlişinə qədərki vəziyyətə nəzər salmaq lazımdır. Hər bir hadisədə nailiyyəti, mənanı anlamaq üçün mütləq müqayisə aparmaq lazımdır. Heydər Əliyev və müstəqil Azərbaycan. Bunlar biri-birinə bağlı olan məsələlərdir. Biz Heydər Əliyevin siyasətindən danışanda müstəqil Azərbaycanın quruculuğunu aydın şəkildə görürük. Müstəqil Azərbaycanın Konstitusiyası Heydər Əliyevin şah əsəri olaraq Azərbaycan dövlətinin iqtisadi-siyasi əsaslarının müəyyənləşdiricisidir. Azərbaycan dövlətçiliyinin söykəndiyi təməl prinsipləri Heydər Əliyev tərəfindən yaradılıbdır.

1969-cı ildə ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəldiyi dövrdə həm SSRİ-i məkanında, həm Azərbaycanda sosial, iqtisadi, siyasi, mədəni və ictimai həyata nəzər salsaq, Azərbaycanın o dövrdə bir respublika kimi SSRİ-nin müttəfiq bir respublikası kimi iqtisadi baxımdan ittifaq miqyasında digər respublikalardan geri qaldığını görərik. İstər kənd təsərrüfatının istehsalı, istər sənaye məhsulu istehsalı baxımından müqayisəli şəkildə baxdıqda, Azərbaycanın inkişaf etmədiyini görürük. Azərbaycanın iqtisadi baxımdan inkişafdan geridə qalması müşahidə olunurdu. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan qısa zaman kəsiyində ittifaq miqyasında iqtisadi baxımdan özünü təmin etməyə qadir olan respublikalar sırasına daxil oldu. SSRİ dağılmaq ərəfəsində bir neçə müttəfiq respublika iqtisadi baxımdan özünü təmin edə bilərdi. Bunlardan biri Rusiya Federasiyası, Ukrayna, digəri isə Azərbaycan idi. Qalan respublikalar Ittifaq büdcəsi hesabına yaşayırdılar, ittifaq büdcəsindən əlavə vəsaitlər alırdılar, halbuki Azərbaycan özü-özünü maliyyələşdirmək imkanına malik idi. Bütün bunlar da ulu öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə yaradılmış iqtisadi potensial sonrakı mərhələlərdə müstəqillik illərində Azərbaycan üçün çox əhəmiyyətli bir rol oynadı. Ulu öndər Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətdə olduğu birinci dövrdə gələcək müstəqil Azərbaycanın iqtisadi, sosial, mənəvi və psixoloji bazasını yaratdı. Hakimiyyəti illərində ulu öndər Heydər Əliyevin həyata keçirdiyi daxili siyasət sayəsində Azərbacanda milli özünüdərk, milli özünəqayıdış,milli vətənpərvərliyin gücləndirilməsi baxımından əhəmiyyətli addımlar atıldı. Milli şüurun inkişafı, milli tarixin öyrənilməsi, milli kadrların yetişdirilməsi, o cümlədən, Azərbaycanda milli ruhun yüksəldilməsi istiqamətində keçirilmiş bir çox tədbirlər sonrakı dövrdə, bizim üçün, millətimiz üçün, dövlətimiz üçün çox ciddi rol oynadı. Ulu öndər Heydər Əliyevin gələcək müstəqil dövlətin köklü, fundamental əsaslarını hakimiyyətinin ilk dövründə yarada bilmişdi.

Ulu öndər Heydər Əliyevin hakimiyyəti ilə bağlı çox əhəmiyyətli tədqiqat işləri, fundamental kitablar yazılıbdır. Ulu öndər Heydər Əliyevin hakimiyyət illəri Azərbaycanın dönüş, dirçəliş dövrü idi. Ulu öndər Heydər Əliyevin yaratdığı həmin əsaslar 1988-ci ildə Azərbaycana qarşı Ermənistanın ərazi iddialarının yenidən baş qaldırdığı bir vaxtda özünü xalqın ayağa qalxmasında büruzə verdi. Ümummilli lider Heydər Əliyevin yetişdirdiyi milli kadrlar müstəqil Azərbaycanın yaradılmasında rol oynamaqla ərazi bütövlüyünün qorunmasında ciddi iş apardılar. Dahi rəhbərimizin başladığı siyasət milli ordunun quruculuğu istiqamətində, iqtisadi-sosial həyatda atılan addımlar bizim üçün çox əhəmiyyətli bir rol oynamaqdadır. Ümummilli lider Heydər Əliyev böyük bir yolun başlanğıcını qoyubdur. 1993-1998, 1998-2003 -cü illərdə Azərbaycanın rəhbəri olduğu dövrdə başladığı müstəqil Azərbaycanın quruculuğu işlərini davamlı olaraq həyata keçirmişdir və müstəqil dövlətin quruducusu, yaradıcısı kimi Azrbaycan tarixində ümummilli lider səviyyəsində özünə yer tutmuşdur. Ulu öndər Heydər Əliyevin yaratdığı müstəqil Azərbaycan dövləti 1969-cu ildə başladığı siyasətin məntiqi davamıdır. Bu yol güclü, qüdrətli, zəngin, lider yolu deməkdir. Bu yol bütün dünya azərbaycanlıların azərbaycançılıq ideologiyası ətrafında birləşdirilməsi deməkdir.

42 il bundan əvvəl başlanan yol bundan sonra Azərbaycan üçün aparıcı yol olacaq və Azərbaycan xalqı daimi ulu öndər Heydər Əliyev yolu ilə gedəcəkdir.


Bütün xəbərlər Facebook səhifəmizdə