Ronni Fearklos: "Azərbaycan bizim etibarlı tərəfdaşımızdır"

Ronni Fearklos: "Azərbaycan bizim etibarlı tərəfdaşımızdır"

Amerika Birləşmiş Ştatlarının Müdafiə Departamenti və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında Xəzər dənizinin Azərbaycana məxsus sektorunda qaçaq nüvə və radiasiya materiallarının aşkarı, qarşısının alınması və qadağan edilməsi üzrə Təhlükənin Birgə Azaldılması Proqramı çərçivəsində həyata keçirilmiş Kütləvi Qırğın Silahlarının Yayılmasının Qarşısının Alınmasına dair Proqramının yekunlaşması ilə əlaqədar 2011-ci ilin 29 iyun tarixində Bakının Türkan qəsəbəsində toplaşıblar.

SİA-nın xəbərinə görə, tədbirdə iştirak edən ABŞ Səfiri Metyu Brayza bu əməkdaşlığı alqışlayıb və qeyd edib ki, bu proqram vasitəsilə əldə etdiyimiz nailiyyətlər həqiqətən təqdirə layiqdir. Azərbaycan və Amerika Birləşmiş Ştatları nüvə silahlarının yayılmaması və təhlükəli dünyada təhlükəsizliyin təmin olunması işində qarşılıqlı öhdəliklərini nümayiş etdiriblər.

Bu unikal proqram çərçivəsində Amerika Birləşmiş Ştatları texniki təcrübə və təlimlər təmin etmiş, Azərbaycan tərəfi isə dənizdə praktiki missiyaları həyata keçirib. Bu proqram Azərbaycanda 2004-cü ildən etibarən həyata keçirilib. Müdafiə Departamentnin rəsmiləri proqramı tam olaraq Dövlət Sərhəd Xidmətinə təhvil vermək üçün Azərbaycana səfər ediblər.

Dövlət Sərhəd Xidmətinin rəsmilərinin iştirak etdiyi tədbirdə ABŞ nümayəndə heyətinə Müdafiə Departamentinin Təhlükənin Azaldılması Agentliyinin icraçı direktoru Ronni Fearklos rəhbərlik edib. İştirakçılara müraciəti zamanı Fearklos qeyd edib ki, Amerika Birləşmiş Ştatları dünyanın problemlərinə qarşı yalnız deyildir. Bu gün regionda və dünyada Kütləvi Qırğın Silahlarının yayılmasının qarşısının alınması yolunda Azərbaycanla birgə öhdəliyimizi nümayiş etdirməkdən şərəf hissi duyuram. Azərbaycan bizim etibarlı tərəfdaşımız olmuşdur və mən arzu edirəm ki, Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında əməkdaşlıq gələcəkdə də davam etdirilsin.

Bütün xəbərlər Facebook səhifəmizdə