Azərbaycan-Koreya yerli icra orqanları arasında əməkdaşlıq genişlənir
Azərbaycan Respublikasının Cənubi Koreya Respublikasındakı Səfirliyindən verilən məlumata əsasən, 11-19 iyun 2011-ci il tarixlərində Azərbaycan Respublikası Prezident Administrasiyasının nümayəndəsi T.Tağıyev və respublikamızın Ağcabədi, Bərdə, Tərtər, Culfa rayonlarının, eləcə də Bakının Xəzər, Nəsimi, Binəqədi, Yasamal rayonlarının icra hakimiyyəti başçılarından ibarət nümayəndə heyəti Koreya Respublikasında səfərdə olub. XİN-in mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, səfər zamanı nümayəndə heyəti Koreyanın Çunqçeonq əyalətində yerləşən Asan və Boryeonq şəhərlərinin, eləcə də paytaxt Seulun ətrafında yerləşən Seonqnam, Suvon, Kvaçeon, Anyanq şəhərlərinin rəhbərləri ilə görüşlər keçirərək iki ölkənin yerli icra hakimiyyətləri arasında əməkdaşlıq imkanlarına dair müzakirələr aparıblar.
Görüşlər zamanı xüsusilə, şəhərlərin salınması və abadlaşdırılması, şəhər təsərrüfatının idarə edilməsi, şəhərdə ətraf mühitin qorunması, şəhər turizminin inkişaf etdirilməsi istiqamətləri üzrə Koreya şəhərlərinin qabaqcıl təcrübələri barədə təqdimatlar dinlənilmiş, müvafiq materiallar əldə edilib. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti həmçinin, yuxarıda adları çəkilən şəhərlərdə yerləşən müxtəlif obyektlərə ekskursiyalar etmiş, həmin obyektlərdə tətbiq edilən yeni texnologiya və təcrübələrlə tanış olublar.
Bunlardan, mədəniyyət, ekologiya və elm parkları, kanalizasiya sisteminə nəzarət mərkəzləri, nəqliyyat və asayişə nəzarət mərkəzi, şəhər zibil emalı mərkəzi, gənclər mərkəzi, yeni salınmış şəhərciklər, istirahət zonaları, turist məkanları, avtomobil və elektron məhsullar istehsal edən zavodları və əlaqədar şirkətləri qeyd etmək olar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB