Vüqar Səfərov: “Bu ay jurnalistlər üçün yaşayış binasının təməlqoyma mərasimi baş tuta bilər”

Vüqar Səfərov: “Bu ay jurnalistlər üçün yaşayış binasının təməlqoyma mərasimi baş tuta bilər”

İyun ayında evsiz jurnalistlər üçün yaşayış binasının təməlqoyma mərasimi baş tuta bilər. SİA-nın xəbərinə görə, bunu KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərov deyib. Onun sözlərinə görə, binanın təməlqoyma mərasiminin may ayında keçirilməsi nəzərdə tutulsa da bəzi texniki məsələlər həll olunmadığı üçün bu iyun ayında baş tuta bilər: "Bizdən asılı olmayan səbəblərdən təməlqoyma mərasimi yubanıb. Binanın inşası ilə bağlı sənədlərin ekspertizadan keçməsi məsələsində bir qədər gecikmə var. Yəqin ki, bu ay ekspertizanın nəticələrini bizə təqdim edəcəklər. Təsəvvür edin ki, hazırlanan 18 mərtəbəli binanın hər mərtəbəsinin smetası ekspertizadan keçirilməlidir. Texniki məsələlər qalıb. Heç bir əngəlli məsələ yoxdur. İşlərimiz gedir, vaxtında da binanı tikib təhvil verəcəyik. Fikrimcə, prosesin başlanması bu ay baş tuta biləcək".

Mənzillərin verilməsi şərtləri haqda da danışan V. Səfərov bunun evin tikintisindən sonra, mənzillərin təmirinə başlanılan zaman tam müəyyənləşdiriləcəyini deyib: "İki il müddətinə evin tikintisinin başa çatdırılması nəzərdə tutulub. Evləri jurnalistlərə tam təmirli şəkildə təhvil verəcəyik".

Qeyd edək ki, prezident İlham Əliyevin ötən il iyulun 22-də imzaladığı sərəncamla mətbuat işçilərinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün Prezidentin Ehtiyat Fondundan 5 milyon manat vəsait ayırılıb. Həmin vəsaitlə evsiz jurnalistlər üçün yaşayış binasının inşa olunması qərara alınıb. Bibiheybət qəsəbəsində yeni yaşayış massivi deyilən ünvanda jurnalistlər üçün 0,7 hektar torpaq sahəsində tikiləcək binanın eskiz layihəsi artıq hazırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə