“Dini maarifləndirmə gənclərin sağlam dünyagörüşünün formalaşmasına xidmət edir“ -RAMİN MƏMMƏDOV

“Dini maarifləndirmə gənclərin sağlam dünyagörüşünün formalaşmasına xidmət edir“ -RAMİN MƏMMƏDOV

Gənclərin dini biliklərinin düzgün və etibarlı mənbələr əsasında formalaşdırılması milli-mənəvi dəyərlərin qorunması və cəmiyyətdə sağlam düşüncə tərzinin təşviqi baxımından mühüm əhəmiyyət daşıyır. Gənclər dini dəyərlərin mahiyyətini anlamalı, sağlam dini yanaşma ilə xurafatı, mənəvi prinsiplərlə radikal ideyaları bir-birindən fərqləndirməyi bacarmalıdırlar.

SİA xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.

O vurğulayıb ki, Azərbaycanda dini etiqad azadlığı, dünyəvilik prinsipləri və milli-mənəvi dəyərlərə hörmət bir-birini tamamlayan əsas prinsiplərdir. Dini dəyərlər mərhəmət, ədalət, qarşılıqlı hörmət, həmrəylik və sülh kimi ümumbəşəri keyfiyyətlərin təşviqinə xidmət edir.

Komitə sədri diqqətə çatdırıb ki, milli kimliyin qorunması ilə müasir dünyaya inteqrasiya arasında ziddiyyət yoxdur. Əsas məqsəd milli köklərinə bağlı, eyni zamanda müasir biliklərə və geniş dünyagörüşünə malik gəncliyin yetişdirilməsidir.

Ramin Məmmədov qeyd edib ki, bu prosesdə ailənin, təhsil müəssisələrinin, din xadimlərinin və dini icmaların üzərinə mühüm vəzifələr düşür. Onların birgə fəaliyyəti gənclərin milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsinə və cəmiyyətin mənəvi dayanıqlığının gücləndirilməsinə xidmət edir.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə