"Bu strategiya Azərbaycanı regionun mütləq liderinə çevirən analitik çərçivədir" - ŞƏRH

"Bu strategiya Azərbaycanı regionun mütləq liderinə çevirən analitik çərçivədir" - ŞƏRH

"Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının qurultayındakı bəyanatları müasir Azərbaycan dövlətçiliyinin strateji doktrinasını və xarici siyasət fəlsəfəsini əks etdirən analitik konseptual çərçivə formalaşdırır. Təqdim olunan tezislər beynəlxalq münasibətlər sistemində realizm nəzəriyyəsi, güc balansı və suverenliyin mühafizəsi aspektindən dərin elmi-siyasi təhlil tələb edir". Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, siyasi-strateji müstəvidə "böyük dayılar" anlayışı beynəlxalq siyasətin iyerarxik strukturuna və böyük dövlətlərin geostrateji hamilik mexanizmlərinə verilən dəqiq qiymətdir:

"ATƏT-in keçmiş Minsk qrupu həmsədrlərinin və digər aparıcı dövlətlərin regional münaqişədəki mövqeyi neytrallıq prinsipinin kağız üzərində qaldığını, praktiki müstəvidə isə geosiyasi maraqların tərəfkeşliyə çevrildiyini göstərirdi. İkinci Qarabağ Müharibəsində əldə olunan hərbi zəfər yalnız Ermənistanın müdafiə sisteminin dağıdılması deyil, eyni zamanda transmilli güc mərkəzlərinin regionda formalaşdırdığı "status-kvo" konyukturasının darmadağın edilməsidir. Azərbaycanın bu müharibəni təkbaşına və kənar dəstək almadan aparması dövlətin xarici siyasi asılılıqlardan azad, tam suveren aktora çevrildiyini sübut edir.

Hüquqi və iqtisadi-müdafiə müstəvisində qeyd olunan məqamlar xüsusi əhəmiyyət kəsb edir. Beynəlxalq hüquq BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən hər bir suveren dövlətə fərdi və ya kollektiv özünümüdafiə hüququ tanıyır. Azərbaycanın müdafiə sənayesini və silah arsenalını heç bir güzəşt, hərbi yardım və ya pulsuz təchizat olmadan, yalnız bazar qiymətlərinə — hətta zaman-zaman süni şəkildə qaldırılmış qiymətlərə — əsaslanaraq formalaşdırması hərbi qələbənin tam hüquqi legitimliyini təmin edir. Hərbi təchizatın kommersiya əsasları ilə həyata keçirilməsi Azərbaycanı satıcı ölkələrin qarşısında hər hansı siyasi, hərbi və ya geostrateji öhdəlik götürməkdən sığortalayıb. Bu fakt dövlətin hərbi müstəqilliyinin maliyyə-iqtisadi suverenliklə birbaşa bağlı olduğunu nümayiş etdirir.

Bundan başqa, məlumdur ki, ideoloji təhlükəsizlik parametri modern hibrid müharibələr dövründə dövlət davamlılığının əsas sütunudur. Cənab İlham Əliyevin qurultaydakı tarixi bəyanatında ideoloji məkanın yad təsirlərdən təmizlənməsi tələbi milli təhlükəsizlik doktrinasının vacib elementidir. Sirr deyil ki, müasir dövrdə xarici güclər tərəfindən tətbiq olunan "yumşaq güc" alətləri, informasiya manipulyasiyaları və ideoloji təxribatlar dövlətlərin daxili sabitliyini sarsıtmaq üçün istifadə edilir. Daxili ideoloji məkanın immunitetinin yüksəldilməsi xarici siyasət strategiyası ilə tam paralellik təşkil edir. Daxildə konsolidasiya olunmuş cəmiyyət və yad təsirlərdən qorunan ideoloji mühit xarici müdaxilələrə qarşı ən keçilməz sədd hesab olunur.

Yəni möhtərəm Prezidentin tətbiq etdiyi model "özünütəminat" prinsipinə söykənən müasir dövlət idarəçiliyi nümunəsidir. Qlobal beynəlxalq təşkilatların və böyük güclərin selektiv ədalət nümayiş etdirdiyi bir şəraitdə, dövlət başçısının konseptual yanaşması milli resurslara, daxili ideoloji birliyə və güclü orduya arxalanmağı yeganə effektiv təhlükəsizlik zəmanəti kimi irəli sürür. Bu strategiya Cənubi Qafqazın geosiyasi xəritəsini yenidən formalaşdıran və Azərbaycanı regionun mütləq liderinə çevirən analitik çərçivədir".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə