““Sabah”ın qazandığı uğur Azərbaycan futbolunun sabahına daha böyük ümidlə baxmağa əsas verir” - ŞƏRH

““Sabah”ın qazandığı uğur Azərbaycan futbolunun sabahına daha böyük ümidlə baxmağa əsas verir” - ŞƏRH

““Sabah” futbol klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanması Azərbaycan futbolu üçün sadəcə bir klubun uğuru deyil. Bu nəticə son illərdə ölkəmizdə idmanın inkişafına yaradılan şəraitin, formalaşan yeni futbol mühitinin və Azərbaycan klublarının artıq Avropa arenasında daha böyük hədəflər qarşıya qoymasının göstəricisidir”. Bu sözləri SİA-ya Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin “Sabah”ın tarixi uğuruna dərhal münasibət bildirməsi, komandanı təbrik etməsi də dövlət başçısının Azərbaycan idmanına göstərdiyi diqqətin növbəti ifadəsidir:

“Prezidentin paylaşımında xüsusi vurğulanan bir məqam isə məncə, çox önəmlidir: yeni yaradılmış bir komandanın qısa müddətdə belə böyük nəticəyə nail olması. Bu, Azərbaycan futbolunda uğurun yalnız böyük tarixə malik klubların inhisarında olmadığını göstərir. Düzgün idarəçilik, peşəkar yanaşma, sağlam rəqabət və qarşıya böyük məqsədlərin qoyulması qısa müddətdə də ciddi nəticə verə bilər.

“Sabah”ın uğurunun başqa mühüm tərəfi Azərbaycan futbolunda rəqabət coğrafiyasının genişlənməsidir. Biz uzun illər “Qarabağ”ın Avropadakı uğurları ilə qürur duymuşuq və bu klub Azərbaycan futbolunun beynəlxalq səviyyədə tanıdılmasında böyük iş görüb. İndi başqa bir Azərbaycan klubunun da Çempionlar Liqasının əsas mərhələsinə yüksəlməsi göstərir ki, artıq Avropada iddiamız bir klubla məhdudlaşmır. Bu, bütövlükdə milli futbolumuz üçün çox vacib tendensiyadır.

Burada bir məqamı da unutmaq olmaz. Futbolda bir komandanın Avropada qazandığı uğur yalnız həmin klubun aktivinə yazılmır. Belə nəticələr ölkənin UEFA reytinqinə, Azərbaycan çempionatına marağın artmasına, klublarımızın tanınmasına, gənc futbolçuların motivasiyasına və gələcəkdə daha keyfiyyətli oyunçuların ölkəmizə gəlməsinə də təsir göstərir. Yəni meydandakı qələbənin təsiri meydandan xeyli kənara çıxır.

Prezident İlham Əliyevin paylaşımında klublarımızın ardıcıl ikinci dəfə dünyanın ən güclü klub turnirinin əsas mərhələsində iştirak hüququ qazanmasının Azərbaycanın idman dövləti kimi mövqeyinin göstəricisi kimi qiymətləndirilməsi də təsadüfi deyil. Azərbaycan artıq uzun illərdir dünyanın ən böyük idman yarışlarına ev sahibliyi edir, idman infrastrukturu yaradılır, müxtəlif idman növlərində böyük nəticələr əldə olunur. İndi futbol klublarımızın Avropanın ən yüksək səviyyəli turnirində ardıcıl iştirakı bu mənzərəni tamamlayan mühüm nəticədir.

Mən “Sabah”ın uğurunda bir mesaj da görürəm: Azərbaycan futbolunda iddia böyüyür. Artıq məqsəd yalnız Avropa turnirlərinə vəsiqə qazanmaq və bir neçə mərhələ keçmək deyil. Azərbaycan klubları ən güclülərin oynadığı mərhələdə yer almağı qarşılarına real hədəf kimi qoya bilirlər.

İndi “Sabah” üçün daha çətin və eyni zamanda daha maraqlı mərhələ başlayır. Çempionlar Liqasında hər oyun böyük təcrübə, böyük məsuliyyət və Azərbaycan futbolunu Avropaya təqdim etmək imkanıdır. İnanıram ki, komandamız bu fürsətdən maksimum istifadə edəcək, meydanda sona qədər mübarizə aparacaq və Azərbaycan azarkeşlərinə yeni sevinclər yaşadacaq.

Bu gün “Sabah”ın qazandığı uğur həm də Azərbaycan futbolunun sabahına daha böyük ümidlə baxmağa əsas verir”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə