“Azərbaycan və Özbəkistanın gələcək əməkdaşlığının ən böyük gücü, məhz sarsılmaz mənəvi bağdadır” - ŞƏRH

“Azərbaycan və Özbəkistanın gələcək əməkdaşlığının ən böyük gücü, məhz sarsılmaz mənəvi bağdadır” - ŞƏRH

“Azərbaycan və Özbəkistan xalqlarını bir-birinə bağlayan münasibətlər yalnız dövlətlərarası əməkdaşlıqla məhdudlaşmır. Xalqlarımızı ortaq tarixi köklər, dil yaxınlığı, milli-mənəvi dəyərlər, adət-ənənələr, ədəbiyyat, musiqi və ümumilikdə türk mədəniyyətinə mənsubiyyət birləşdirir. Məhz buna görə də Azərbaycanla Özbəkistan arasında münasibətlərdən danışarkən biz sadəcə iki dost ölkədən deyil, bir-birini tarixi və mənəvi baxımdan doğma qəbul edən iki qardaş xalqdan danışırıq”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ülviyyə Həmzəyeva deyib.

Onun sözlərinə görə, bu yaxınlığın ən mühüm cəhətlərindən biri onun cəmiyyətlərimiz tərəfindən təbii şəkildə qəbul edilməsidir:

“Azərbaycan və özbək dillərinin yaxınlığı, ailə dəyərlərimiz, böyüyə hörmət, qonaqpərvərlik ənənələri, Novruz kimi ortaq bayramlarımız, musiqi və folklorumuzdakı bənzərliklər xalqlarımızın eyni böyük mədəni coğrafiyanın daşıyıcıları olduğunu göstərir. Nizami Gəncəvi, Əlişir Nəvai, Məhəmməd Füzuli və digər böyük söz və fikir adamlarının irsi də bizi əsrlərdən bu günə bağlayan mənəvi körpülərdir.

Prezident İlham Əliyevin Özbəkistana son dövlət səfəri bir daha göstərdi ki, bu tarixi-mədəni yaxınlıq bu gün konkret layihələrlə zənginləşdirilir. Dövlətimizin başçısının səfər ərəfəsində Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibədə də qeyd etdiyi kimi, Azərbaycan–Özbəkistan münasibətləri ortaq tarixə, mədəniyyətə, dilə və mənəvi dəyərlərə söykənərək artıq ən yüksək – müttəfiqlik səviyyəsinə yüksəlib.

Mədəni və humanitar əməkdaşlığın ən gözəl nümunələrindən biri Füzulidə Özbəkistanın təşəbbüsü ilə inşa edilmiş Mirzə Uluqbəy adına məktəbdir. Bu məktəb mənim üçün sadəcə təhsil müəssisəsi deyil. Qarabağ torpağında ucaldılan bu ocaq özbək xalqının Azərbaycan xalqına qardaşlıq münasibətinin canlı ifadəsidir. Eyni zamanda, Bakıda yaradılan “Özbəkistan” parkı və Prezident İlham Əliyevin son səfəri zamanı Yeni Daşkənddə “Azərbaycan” parkının təməlinin qoyulması qarşılıqlı mədəni təqdimatın çox gözəl nümunəsidir. Bu parklar gələcək nəsillərə də xalqlarımızın dostluğunu xatırladan rəmzlər olacaq.

Son səfərin mədəni-humanitar baxımdan mühüm hadisələrindən biri də Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı oldu. Universitetin Azərbaycan ali məktəbləri ilə əməkdaşlığı, birgə elmi tədqiqatların, konfransların, tələbə və müəllim mübadiləsinin nəzərdə tutulması mədəni əlaqələrin artıq təhsil və elm müstəvisində də daha sistemli xarakter aldığını göstərir. Nizami Gəncəvinin adını daşıyan belə bir elm və təhsil ocağının Özbəkistanda fəaliyyət göstərməsi Azərbaycan mədəni irsinə göstərilən böyük ehtiramın ifadəsidir.

Mədəniyyət günlərinin qarşılıqlı keçirilməsi, sərgilərin, konsertlərin, ədəbi və elmi tədbirlərin təşkili, yaradıcı insanların birbaşa əlaqələrinin genişləndirilməsi də bu prosesin mühüm istiqamətlərindəndir. Heydər Əliyev Fondunun həyata keçirdiyi mədəni-humanitar layihələr də xalqlarımızın bir-birini daha yaxından tanımasına mühüm töhfə verir.

Hesab edirəm ki, növbəti mərhələdə əməkdaşlığın xüsusilə gənc nəsillər və yaradıcı insanlar arasında genişləndirilməsinə daha çox diqqət yetirmək lazımdır. Rəssamların, musiqiçilərin, yazıçıların, muzey və teatr kollektivlərinin birgə layihələri, tələbə və gənc yaradıcıların mübadilə proqramları, ortaq sərgilər, festivallar və yaradıcılıq simpoziumları davamlı xarakter ala bilər. Eyni zamanda, Azərbaycan və Özbəkistanın zəngin mədəni irsinin birgə tədqiqi və beynəlxalq platformalarda təqdim olunması üçün böyük imkanlar mövcuddur.

Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyevin siyasi iradəsi nəticəsində Azərbaycan–Özbəkistan münasibətləri bu gün tarixinin ən yüksək mərhələlərindən birini yaşayır. Ən qiymətlisi isə odur ki, siyasi müttəfiqlik xalqlarımız arasındakı əsrlərdən gələn mənəvi yaxınlıq üzərində qurulub. Dövlətlər arasında imzalanan sənədlər münasibətlərin hüquqi və siyasi əsaslarını möhkəmləndirirsə, mədəniyyət, təhsil, incəsənət və insanlar arasındakı əlaqələr bu münasibətlərə ruh verir. Düşünürəm ki, Azərbaycan və Özbəkistanın gələcək əməkdaşlığının ən böyük gücü də məhz bu sarsılmaz mənəvi bağdadır”.

Bütün xəbərlər Facebook səhifəmizdə