Regional sabitliyin modeli: Bakıdan Aşqabada uzanan körpü

Regional sabitliyin modeli: Bakıdan Aşqabada uzanan körpü

Türk dünyasının iki qonşu ölkəsi arasında ilk rəsmi diplomatik münasibətlərinin tarixi 1992-ci ildə qurulsa da qardaşlığın tarixi daha qədimdir. Rəsmi diplomatik əlaqələrin qurulmasından əvvəl, Azərbaycan və Türkmənistan imperiyanın tərkibində olarkən Xəzəryanı qonşuluq, qədim tarixi-mədəni köklərin eyniliyi hər iki ölkəni doğmalaşdıran səbəblərdən idi.

Uzun illər ərzində bu dostluq, qardaşlıq münasibətləri ciddi tərəfdaşlıq sahəsində də bərkidi. İki ölkənin dostluğunu "Dostluq" yatağı təsdiqlədi, uzun illər mübahisəli qalan Xəzərdəki yataq üzrə 2021-ci ildə müştərək kəşfiyyat və işlənilmə haqqında tarixi Memorandum imzalandı. Türkmənistan mavi qazının Azərbaycan ərazisindən keçməklə Türkiyə və Avropa bazarlarına nəqlini gerçəkləşdirən Trans-Xəzər layihəsi, üçtərəfli (İran vasitəsilə) qaz mübadiləsi razılaşmaları enerji sahəsindəki tərəfdaşlığımızı da gücləndirdi. İndi Azərbaycan və Türkmənistan sadəcə eyni kökə malik qardaş ölkələr deyil, həm də eyni maraqlara və ortaq razılaşmalara sahib tərəfdaşlardır.

Azərbaycan və Türkmənistan arasındakı hazırkı münasibətlər hər iki ölkə tarixinin ən yüksək etimad və sürətli yüksəliş dövrüdür desək, yanılmarıq. İndii iki ölkə arasındakı əlaqələr sadə qonşuluq müstəvisindən tam regional strateji tərəfdaşlıq və qardaşlıq səviyyəsinə qədər yüksəlib.

Münasibətlərin hazırkı yüksək dinamikası birbaşa dövlət başçıları səviyyəsində qurulan səmimi, etibarlı və qarşılıqlı siyasi dialoqa əsaslanır.

Prezident İlham Əliyev və Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov, eləcə də türkmən xalqının milli lideri Qurbangulu Berdiməhəmmədov arasındakı müntəzəm görüşlər, səmimi dostluq münasibətləri əlaqələrin gələcəkdəki şəffaf yol xəritəsini də müəyyən edir. Planlaşdırılan yeni sazişlər iki ölkənin siyasi iradəsinin növbəti təzahürüdür. İmzalanan sənədlər, keçirilən görüşlər, qarşılıqlı səfərlər sübut edir ki, bu iki ölkənin həm tərəfdaşlıq, həm də qardaşlıq münasibətlərinin çox möhkəm özülləri var.

Ötən ilin payızında Füzuli şəhərində Türkmənistan tərəfindən Azərbaycan xalqına hədiyyə olunmuş məscidin təməlinin atılması, türkmən xalqının milli lideri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfər etməsi, işğaldan azad olunmuş əraziləri ziyarət etməsi, Füzuli şəhərinin Türkmənistanın Arxadağ şəhəri ilə qardaş şəhər elan edilməsi hər iki xalq arasındakı doğmalığın nümunəsidir.

Yeri gəlmişkən, Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədovun yaxın günlərdə Azərbaycana rəsmi səfəri planlaşdırılır. Yüksək səviyyəli görüş çərçivəsində iki ölkə arasında strateji tərəfdaşlığı möhkəmləndirəcək bir sıra mühüm ikitərəfli sənədlərin və sazişlərin imzalanması gözlənilir. Liderlərin görüşündə energetika əməkdaşlığı, Trans-Xəzər tranzit-logistika imkanlarının genişləndirilməsi və Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiya məsələlərinin müzakirəsinin ön planda olacağı proqnozlaşdırılır.

Bir sözlə, bu gün rəsmi Bakı və rəsmi Aşqabad regional müstəvidə sadə qonşuluq əlaqələrini aşaraq, rəsmi şəkildə tammiqyaslı strateji tərəfdaşlıq səviyyəsinə yüksəliblər. İndi Xəzər dənizi iki qardaş ölkəni ayıran yox, birləşdirən sülh və əməkdaşlıq körpüsü kimi qəbul edilir. Hər iki respublika, Avrasiyanın nəqliyyat və enerji xəritəsini yenidən formalaşdıran nəhəng transmilli layihələrin mərkəzində yer alır.

Beynəlxalq arenada, xüsusilə Birləşmiş Millətlər Təşkilatında, İslam Əməkdaşlıq Təşkilatında, Müstəqil Dövlətlər Birliyində və İqtisadi Əməkdaşlıq Təşkilatında hər iki ölkə bir-birinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyirlər. Bakı və Aşqabad regionda kənar güclərin deyil, məhz bölgə dövlətlərinin sülhün qarantı olması prinsipini rəhbər tutaraq sabitliyi təmin edirlər.

Hazırda Azərbaycan-Türkmənistan münasibətləri təkcə iki ölkənin deyil, bütövlükdə Türk dünyasının inteqrasiyasına və Xəzər hövzəsinin təhlükəsizliyinə xidmət edən ən etibarlı tərəfdaşlıq modellərindən biridir. Azərbaycan və Türkmənistanın formalaşdırdığı bu etibarlı strateji ittifaq təkcə iki ölkənin deyil, bütövlükdə Avrasiya regionunun iqtisadi və təhlükəsizlik mənzərəsini gücləndirir.

Lalə Mehralı

Bütün xəbərlər Facebook səhifəmizdə