“Avtomobil üçün etibarnamə verilməsi artıq köhnəlmiş mexanizmdir” - EKSPERT DANIŞDI

“Etibarnamənin əsas məqsədi üçüncü şəxslər qarşısında nümayəndənin, yəni etibar edilən şəxsin səlahiyyətini təsdiqləməkdir. Bu sənəd vasitəsilə müəyyən olunur ki, nümayəndə təmsil olunan şəxsin adından və onun maraqları naminə hüquqi əməliyyatlar həyata keçirmək səlahiyyətinə malikdir”.

Bu sözləri SİA -ya açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz Əkbərov bildirib.

Onun sözlərinə görə, başqa sözlə, etibarnamə verən şəxs öz əmlakını və ya hüquqlarını qarşı tərəfə satmır, sadəcə müəyyən müddət ərzində idarə etmək və istifadə etmək hüququ verir:

“Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 362-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün digər şəxsə verdiyi yazılı vəkalət etibarnamə hesab olunur. Həmçinin Mülki Məcəllənin 363.2-ci maddəsində qeyd edilir ki, xaricdə istifadə olunması nəzərdə tutulan və qüvvədəolma müddəti göstərilməyən etibarnamə notarial qaydada təsdiqləndiyi halda, onu verən şəxs tərəfindən ləğv edilənədək qüvvədə qalır.

Hazırkı qanunvericiliyə görə, etibarnaməsiz avtomobil idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə əsasən, belə hallarda 40 manat məbləğində cərimə tətbiq edilir. Bununla yanaşı, etibarnaməni verən şəxs istənilən vaxt səbəb göstərmədən həmin sənədi ləğv edə bilər və bu halda etibarnamə əsasında avtomobili idarə edən şəxsin hüquqları avtomatik olaraq qüvvədən düşür.

Bir çox ölkələrdə artıq avtomobil idarə etmək üçün etibarnamə sistemi sadələşdirilib və ya tamamilə ləğv olunub. Xüsusilə ailə üzvlərinin eyni avtomobildən istifadə etməsi üçün əlavə sənəd tələb edilmir. Azərbaycanda isə etibarnamə ilə bağlı prosedurlar hələ də mürəkkəb hesab olunur. Bu baxımdan birinci dərəcəli qohumlara verilən etibarnamələrin qiymətinin azaldılması və müddətinin uzadılması daha məqsədəuyğun hesab edilə bilər.

Ümumilikdə, fiziki şəxslər arasında avtomobil üçün etibarnamə verilməsi artıq köhnəlmiş mexanizm kimi qiymətləndirilir. Müasir dövrdə bu sistemin sadələşdirilməsi və ya müəyyən hallarda ləğvi üçün “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərin edilməsi zəruri hesab olunur”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə