"Bakı qlobal urbanizasiya müzakirələrinin mərkəzində olacaq" - DEPUTAT

"WUF13 forumu ilk dəfə regionumuzda keçiriləcək və Azərbaycan üçün mühüm beynəlxalq platformaya çevriləcək. Tədbir Bakı Olimpiya Stadionunda baş tutacaq və dünyanın müxtəlif ölkələrindən on minlərlə iştirakçını bir araya gətirəcək{".

Bu sözləri SİA-ya açıqlamasında deputat Pərvanə Vəliyeva deyib.

Onun sözlərinə görə, artıq 180-dən çox ölkədən minlərlə iştirakçının qeydiyyatdan keçməsi forumun qlobal əhəmiyyətini göstərir: "Tədbir çərçivəsində açılış və bağlanış mərasimləri, nazirlərin görüşü, yüksəksəviyyəli dialoqlar, dəyirmi masalar, xüsusi sessiyalar və yüzlərlə tərəfdaş tədbiri keçiriləcək. Bununla yanaşı, Urban Expo, Urban Cinema, Urban Library və müxtəlif interaktiv platformalar iştirakçılar üçün təcrübə və bilik mübadiləsi imkanları yaradacaq.

WUF13 həm də siyasi liderlər üçün vacib platforma olacaq. İlk dəfə olaraq dövlət və hökumət başçıları mənzil böhranı, urbanizasiya və dayanıqlı inkişafla bağlı çıxışlar edəcəklər. Forum çərçivəsində keçiriləcək Nazirlər Görüşü Yeni Şəhər Gündəliyinin icrasında əldə olunan nəticələri qiymətləndirmək və gələcək prioritetləri müəyyənləşdirmək məqsədi daşıyır.

Forumun ən mühüm nəticələrindən biri “Bakı Çağırışı” olacaq. Bu sənəd qlobal mənzil böhranı ilə bağlı fəaliyyətə yönəlmiş çağırış kimi hazırlanacaq və şəhərsalma siyasətində gələcək istiqamətləri müəyyənləşdirəcək. Sənədin hazırlanması prosesinə müxtəlif ölkələrdən hökumətlər, vətəndaş cəmiyyəti institutları, akademik dairələr və beynəlxalq təşkilatlar cəlb olunacaq.

WUF13 yalnız hökumətləri deyil, şəhərsalma ilə bağlı bütün tərəfləri bir araya gətirəcək. Burada şəhər planlaşdırıcıları, memarlar, alimlər, özəl sektor nümayəndələri, gənclər və yerli icmalar qlobal problemlərin həlli yollarını birlikdə müzakirə edəcəklər. Forum həm də yeni tərəfdaşlıqların qurulması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi üçün mühüm imkan yaradacaq.

Bu tədbir Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, Bakının qlobal şəhərsalma və dayanıqlı inkişaf müzakirələrinin mərkəzinə çevrilməsinə mühüm töhfə verəcək. WUF13 bir daha göstərəcək ki, şəhərlərin gələcəyi yalnız infrastruktur məsələsi deyil, həm də sosial ədalət, inklüzivlik və insanların həyat keyfiyyəti məsələsidir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə