"İkitərəfli münasibətlər getdikcə möhkəmlənir" - ŞƏRH

"Azərbaycan-Gürcüstan münasibətləri hər iki dövlətin müstəqillik əldə etməsindən sonra tarixi köklərə əsaslanaraq formalaşmış və daim inkişaf etmişdir. Bu əlaqələr yalnız bəyanatlar səviyyəsində deyil, həm də praktiki əməkdaşlıq çərçivəsində getdikcə daha da möhkəmlənir".

Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib.

Siyasi şərhçi sözlərinə belə davam edir: "İlham Əliyevin Gürcüstana rəsmi səfərləri və keçirilən yüksək səviyyəli görüşlər bu münasibətlərin nə qədər strateji əhəmiyyət daşıdığını bir daha nümayiş etdirir. Gürcüstanda bütün səviyyələrdə Azərbaycan Prezidentinin yüksək hörmətlə qarşılanması ölkələrimiz arasındakı dostluq və tərəfdaşlığın bariz göstəricisidir.

Gürcüstan rəhbərliyi, o cümlədən dövlət başçısı və siyasi rəhbərlikdə mühüm rol oynayan Bidzina İvanişvili tərəfindən də Azərbaycan Prezidentinə xüsusi ehtiram göstərilməsi münasibətlərin strateji xarakterini daha da gücləndirir.

Hər iki ölkə rəhbərliyi tərəfindən verilən birgə bəyanatlarda siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi, həmçinin Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması xüsusi vurğulanmışdır. Eyni zamanda, Orta Dəhliz və digər beynəlxalq nəqliyyat-kommunikasiya layihələri ilə bağlı əməkdaşlıq da mühüm istiqamətlərdən biridir.

Məlumdur ki, Azərbaycan müstəqillik illərindən etibarən Gürcüstanın çətin dövrlərində, xüsusilə enerji təchizatı sahəsində mühüm dəstək göstərmişdir. Bu əməkdaşlıq nəticəsində Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Qars kimi beynəlxalq layihələr reallaşdırılmışdır ki, bu da Gürcüstanın iqtisadi inkişafında və büdcə gəlirlərində mühüm rol oynamışdır.

Azərbaycan-Gürcüstan münasibətləri yalnız ikitərəfli iqtisadi əlaqələrlə məhdudlaşmır, eyni zamanda regional və strateji tərəfdaşlıq xarakteri daşıyır. Bu çərçivədə Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli formatı bölgədə əməkdaşlığın mühüm platformalarından biridir və müxtəlif sahələr üzrə uğurla fəaliyyət göstərir.

Əminliklə demək olar ki, qarşılıqlı səfərlər və yüksək səviyyəli görüşlər bu əlaqələrin daha da dərinləşməsinə xidmət edir. Məqsəd isə Cənubi Qafqazda formalaşmış yeni reallıqlar fonunda sülhün, təhlükəsizliyin və əməkdaşlığın daha da gücləndirilməsidir. Bu prosesdə Gürcüstan mühüm və əhəmiyyətli rol oynamaqda davam edir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə