"Bu gün Azərbaycanda ciddi kadr islahatlarının həyata keçirildiyini müşahidə edirik. Dövlət idarəçiliyində kadr siyasətinə xüsusi önəm verilir".
Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, kadrların bilik və bacarıqlarının artırılması, onların peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi əsas prioritetlərdən biri kimi çıxış edir: "Hesab edirəm ki, son təyinatlar da bunu açıq şəkildə göstərir. Bir neçə istiqamətdə dəyişikliklər diqqət çəkir. İlk növbədə gənc kadrların irəli çəkilməsi, ikinci olaraq isə namizədlərin şəxsi keyfiyyətlərinin, savadının, peşəkar biliklərinin və iş təcrübəsinin nəzərə alınması ön plana çıxır. Atılan addımlar və həyata keçirilən tədbirlər göstərir ki, bu meyarlar artıq formal xarakter daşımır, real şəkildə qərarların qəbulunda əsas rol oynayır.
Kadr məsələsi hər bir dövlət üçün strateji əhəmiyyət daşıyır. Çünki idarəetmədə uğur birbaşa olaraq kadrların biliyindən, savadından, dünyagörüşündən və məsuliyyətli davranışından asılıdır. Peşəkar və vətənpərvər kadr potensialı olmadan davamlı inkişafdan danışmaq mümkün deyil. Bu gün Azərbaycanda aparılan siyasətin əsas hədəflərindən biri də məhz gənclərin bilik və bacarıqlarının artırılmasıdır. Gənclərin maarifləndirilməsi, savad səviyyəsinin yüksəldilməsi, onların müasir bilik və bacarıqlarla təmin olunması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Çünki gələcəyin idarəçiləri, mütəxəssisləri və qərarvericiləri məhz bu gün formalaşır.
Ümumilikdə, həyata keçirilən kadr islahatları göstərir ki, məqsəd təkcə struktur dəyişiklikləri deyil, həm də keyfiyyətli insan kapitalının formalaşdırılmasıdır. Bu isə uzunmüddətli perspektivdə dövlətin dayanıqlı inkişafına xidmət edən əsas amillərdən biridir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB