"Azərbaycan-Serbiya münasibətləri ildən-ilə möhkəmlənir" - ŞƏRH EDİLDİ

"Azərbaycan-Serbiya münasibətləri inkişaf edən dinamikaya malikdir və ildən-ilə daha da möhkəmlənir. Ümumilikdə, rəsmi Bakı bütün dövlətlərlə qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsipləri əsasında münasibətlərin inkişafında maraqlıdır".

Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.

Onun sözlərinə görə, Azərbaycan həm Qərbdə, həm də Şərqdə qəbul olunan və balanslı siyasət yürüdən aktor kimi çıxış edir: "Bu baxımdan Serbiya ilə əlaqələr də istisna təşkil etmir.

Azərbaycan Prezidenti İlham Əliyev ilə Serbiya Prezidenti Aleksandr Vuçiç arasında keçirilən görüşdə səsləndirilən fikirlər bir daha göstərdi ki, hər iki tərəf əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır. Bu əməkdaşlıq çoxşaxəli xarakter daşıyır və enerji, təhlükəsizlik, hərbi-texniki sahə, siyasi dialoq, iqtisadi və humanitar istiqamətləri əhatə edir.

Xüsusilə enerji sahəsində əməkdaşlıq son dövrlərdə prioritet istiqamətlərdən birinə çevrilib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu Serbiya üçün də strateji əhəmiyyət daşıyır. Bununla yanaşı, müdafiə və təhlükəsizlik sahəsində qarşılıqlı təcrübə mübadiləsi və koordinasiya münasibətlərin mühüm komponentlərindəndir.

Hazırkı geosiyasi şəraitdə, Avropada iqtisadi və təhlükəsizlik problemlərinin dərinləşməsi fonunda, bir sıra Avropa dövlətləri, o cümlədən Serbiya üçün Azərbaycanla əməkdaşlıq daha da aktuallaşıb. Azərbaycan sabit və etibarlı tərəfdaş kimi həm enerji, həm də siyasi baxımdan regionda mühüm rol oynayır. Beləliklə, Azərbaycan-Serbiya münasibətləri strateji tərəfdaşlıq xətti üzrə inkişaf edir və mövcud dinamika göstərir ki, qarşıdakı illərdə bu əlaqələr daha da genişlənəcək".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə