" Azərbaycan Türk Dövlətləri Təşkilatında xüsusi rola malik ölkə kimi tanınır” - Göydəniz Qəhrəmanov

“2025-ci il Azərbaycan üçün siyasi, iqtisadi və sosial sahələrdə mühüm nailiyyətlərlə yadda qalan bir il olmuşdur. Cənab Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasəti nəticəsində dövlətimizin mövqeləri həm regionda, həm də beynəlxalq müstəvidə daha da güclənmişdir”. SİA xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov parlamentin plenar iclasında çıxışı zamanı səsləndirib.

Deputat bildirib ki, Vaşinqton Sazişi Azərbaycanın beynəlxalq münasibətlərdə artan rolunun və regional əməkdaşlığa verdiyi töhfələrin bariz nümunəsidir: “Bu razılaşma Azərbaycanın sülhə, sabitliyə və konstruktiv dialoqa verdiyi önəmin göstəricisidir”.

Göydəniz Qəhrəmanov Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işlərinə də toxunub: “2025-ci ildə işğaldan azad olunan ərazilərdə bərpa və yenidənqurma prosesi yeni mərhələyə qədəm qoyub. Vətəndaşlarımızın təhlükəsiz və layiqli yaşayışı təmin olunur, yeni yaşayış məntəqələri, sosial obyektlər və istehsal sahələri inşa edilir. Bu proses milli birliyin və dövlət–vətəndaş həmrəyliyinin real təzahürüdür”.

Deputat qeyd edib ki, Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlər ölkəmizin artan nüfuzunu və regional liderliyini nümayiş etdirir: “Bu tədbirlər eyni zamanda bölgədə iqtisadi sabitliyin möhkəmlənməsinə və əməkdaşlıq imkanlarının genişlənməsinə töhfə verir”.

Çıxışında 2026-cı illə bağlı planlara da toxunan Göydəniz Qəhrəmanov vurğulayıb ki, şəhərsalma və memarlıq sahəsində həyata keçiriləcək layihələr davamlı inkişaf strategiyasının mühüm tərkib hissəsidir: “Azərbaycan bu gün regionun lider dövləti, Türk Dövlətləri Təşkilatında xüsusi rola malik, güclü və sülhpərvər ölkə kimi tanınır”.

Deputat çıxışının sonunda qarşıdan gələn əlamətdar tarixlər münasibətilə təbriklərini çatdırıb: “Fürsətdən istifadə edərək Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə hər kəsi təbrik edir, ölkəmizə sülh, əmin-amanlıq və davamlı inkişaf arzulayıram”.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə