Postimperiya kölgəsində - ANALİTİK

Yaxud, Rusiya niyə Azərbaycana qarşı ideoloji savaş aparır?

Rusiyanın Azərbaycana qarşı ideoloji və informasiya müstəvisində apardığı siyasətin kökləri həm tarixi, həm geosiyasi, həm də psixoloji amillərlə bağlıdır. Rusiya əsrlər boyu Cənubi Qafqazı öz “təsir dairəsi” kimi görüb. XIX əsrdən etibarən bölgəni işğal etməsi və Azərbaycanı Rus imperiyasına, sonra isə SSRİ-yə daxil etməsi, Moskvanın bu əraziləri “tarixi irsi” kimi qəbul etməsinə gətirib çıxarıb. Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Rusiya, xüsusilə Putinin hakimiyyəti dövründə, bu itirilmiş nəzarəti ideoloji və informasiya vasitəsilə bərpa etməyə çalışır. Bu, “postimperiya nostalgiyası” adlanan fenomenlə bağlıdır – yəni keçmiş imperiyanın keçmiş əraziləri üzərində təsir saxlamaq istəyi.

Azərbaycan müstəqil enerji siyasəti və Qərbə inteqrasiya xətti ilə Rusiyanın regional maraqlarına alternativ yaradır. Enerji amili: Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi layihələr Rusiyanın enerji monopoliyasını zəiflədir. Azərbaycan-Türkiyə hərbi və siyasi ittifaqı (Şuşa Bəyannaməsi) Moskva üçün strateji narahatlıq hesab edilir. Qarabağ müharibəsindən sonra Rusiyanın bölgədə təsir imkanlarının azalması (xüsusilə 2023-cü ildən sonra sülhməramlıların çıxarılması) Kreml üçün ciddi zərbə idi. Bu səbəbdən, Rusiya ideoloji və informasiya hücumu vasitəsilə Azərbaycana təzyiq göstərməyə çalışır.

Rusiya müxtəlif platformalarda Azərbaycanı hədəf alan təbliğat aparır. Rus mediasında və “ekspert dairələrində” Azərbaycanın Türkiyə ilə yaxınlaşması, Qərbə yönəlməsi “təhlükə” kimi təqdim olunur. Sosial mediada və rusdilli platformalarda dezinformasiya kampaniyaları – guya Azərbaycanda ruslara qarşı diskriminasiya, yaxud “ekstremizm” var kimi xəbərlər yayılır. Məqsəd Azərbaycanda ictimai parçalanma yaratmaq, Türkiyə-Azərbaycan birliyinə kölgə salmaq, daxili narazılıqları qızışdırmaqdır.

Rusiya öz ideoloji təsirini “rus dili və mədəniyyəti” vasitəsilə qorumağa çalışır. “Rus dünyası” konsepsiyası (русский мир) bu siyasətin əsas ideoloji sütunudur. Moskva Azərbaycanı bu “mədəni məkanın” bir hissəsi kimi görmək istəyir, amma Azərbaycan türk və islam kimliyini önə çəkdiyi üçün bu, Rusiyanın konsepsiyası ilə ziddiyyət təşkil edir. Rusiyanın Azərbaycana qarşı ideoloji və təxribat yönümlü siyasətinin arxasında imperiya düşüncəsi dayanır. Yəni, “Azərbaycan Rusiyanın təsir dairəsindən çıxmamalıdır” kimi tezislər tez-tez tirajlanır. Geosiyasi rəqabət – enerji, Türkiyə, Qərb faktoru da Moskvanın gərgin olmasında böyük payı olan amildir. İnformasiya nəzarəti arzusu – ictimai şüuru yönləndirmək və Azərbaycan cəmiyyətində çaşqınlıq yaratmaq istəyi də bu siyasətin önündə dayanır.

Rusiyanın Azərbaycana qarşı ideoloji və informasiya müharibəsinin konkret təzahürlərini detallı şəkildə izah edərkən, burada söhbət təkcə təbliğatdan yox, həm də planlı şəkildə ictimai şüura, mediaya, mədəniyyətə və siyasətə təsir mexanizmlərindən gedir. Rusiyanın Azərbaycana qarşı ideoloji və informasiya savaşının konkret təzahürləri media üzərindən aparılan təxribatlarında özünü daha geniş ölçüdə göstərir. Rusiya uzun illərdir ki, informasiya məkanında Azərbaycana qarşı rusdilli KİV-lər (Sputnik, Regnum, Lenta, Tsargrad, Nezavisimaya Gazeta və s.) vasitəsilə sistemli kampaniyalar aparır. Azərbaycanın Türkiyə ilə müttəfiqliyi “neo-osmançılıq” kimi təqdim olunur və Azərbaycan Qərbin aləti kimi göstərilir.

Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyi “aqressiya” kimi yozulur. Bu media orqanları tez-tez erməni mənbələrinə əsaslanır və onların narrativlərini (Azərbaycan “sülh istəmir”, “etnik təmizləmə aparır” və s.) təkrarlayır. Məqsəd beynəlxalq aləmdə Azərbaycanın imicinə zərbə vurmaq və daxildə şübhə, qorxu, etimadsızlıq yaratmaqdır.

Sosial media manipulyasiyaları və “bot orduları” diqqət çəkir. Rusiyanın informasiya əməliyyatlarında sosial şəbəkələr mühüm rol oynayır. Rusiyanın troll və bot şəbəkələri Twitter (X), Telegram və YouTube platformalarında Azərbaycan əleyhinə kampaniyalar aparır. Məsələn, Qarabağ məsələsində “Azərbaycan Rusiya əleyhinə çıxır” kimi paylaşımlar edilir. Daxili mövzularda “Türkiyənin Azərbaycanda çox təsiri var”, “dini radikalizm artır” kimi qorxu ritorikası paylaşılır. Məsələnin kökündə ictimai şüuru çaşdırmaq, Türkiyə-Azərbaycan birliyinə kölgə salmaq və cəmiyyətdə qarşıdurma mühiti formalaşdırmaqdır.

“Beşinci kolon”un fəaliyyətindən danışmamaq olmur. Bu, Rusiyanın postsovet məkanında ən çox istifadə etdiyi üsullardan biridir. “Beşinci kolon” dedikdə, ölkə daxilində Moskvanın maraqlarına işləyən qruplar, ictimai şəxslər, mədəni və dini dairələr nəzərdə tutulur. Azərbaycanda da bir sıra şəxslər və təşkilatlar özlərini “rus mədəniyyətinin dostu” kimi təqdim edib, əslində isə Rusiya ideologiyasını yaymağa çalışırlar. Onların fəaliyyət istiqamətləri - “Rus dili və mədəniyyəti” adı altında Rusiya təsirini saxlamaq, Azərbaycan dövlət siyasətinə qarşı “yumşaq müxalif mövqelər” formalaşdırmaq, Qərb və Türkiyə əleyhinə təbliğat aparmaq.

Rusiya mədəni diplomatiyanı da ideoloji alət kimi istifadə edir. “Rus dünyası” (Русский мир) konsepsiyası vasitəsilə rusdilli təhsil, kino, ədəbiyyat və KİV sahəsində ideoloji təsir yaradılır. Rus pravoslav kilsəsinin təsiri ilə xristianlıq və pravoslavlıq “sülh mədəniyyəti” kimi, İslam isə “riskli ideologiya” kimi təqdim olunur. Məqsəd isə dəyişməzdir, Azərbaycanın milli-mənəvi kimliyini zəiflətmək, özünü “rus mədəni məkanına aid” kimi hiss etdirən yeni nəsil formalaşdırmaq.

Qarabağ və sülh prosesi ilə bağlı təxribatlar isə son vaxtlar daha geniş və çeşidli üsullarla dövrəyə buraxılır. Qarabağ məsələsində Rusiya “vasitəçi” görünsə də, əslində çox vaxt prosesin uzanmasında maraqlı olur. Rus KİV-ləri və “ekspertləri” sülh prosesinin uzadılmasını, Ermənistanın “müttəfiq” kimi saxlanmasını və Azərbaycanı təzyiq altında tutmağı hədəfləyir. Sülhməramlıların çıxarılmasından sonra Rusiya informasiya səviyyəsində bu prosesi “Azərbaycanın xeyrinə birtərəfli dəyişiklik” kimi təqdim edərək, Bakıya qarşı neqativ rəy formalaşdırır.

Hərbi və təhlükəsizlik yönümlü ideoloji basqılar zamanı Rusiya zaman-zaman Azərbaycan cəmiyyətində təhlükəsizlik qorxusu formalaşdırmağa çalışır. “Əgər Rusiya olmasa, bölgə müharibəyə gedəcək”, “NATO-nun yaxınlaşması Qafqazı dağıdacaq” kimi tezislər yayılır. Bu, Moskvanın “bizsiz sabitlik yoxdur” mesajıdır – psixoloji asılılıq yaratmaq məqsədi daşıyır.

Azərbaycan daxilində etnik və dini parçalanma cəhdləri isə daha təhlükəli addımlardan xəbər verir. Azərbaycan tarixən tolerant ölkə və xalq olaraq tanınıb. Tarixin heç bir dönəmində Azərbaycan və azərbaycanlılar etnik zəmində qarşıdurmanı başlatmayıblar və bunda heç vaxt maraqlı olmayıblar. Rusiya isə uzun illərdir etnik azlıqlar və dini qruplar üzərindən təsir yaratmağa çalışır. Sosial şəbəkələrdə “Talış”, “Ləzgi”, “Avar” kimliyi üzərindən separatizm çağırışları edir, Şiə-Sünni münasibətlərini pozmaq üçün İranla koordinasiyalı təxribatlar planlayır. Bunlar hamısı “parçala, hökm sür” prinsipi üzərində qurulub.

Yekun nəticə isə bundan ibarətdir ki, Rusiyanın Azərbaycana qarşı ideoloji və informasiya müharibəsi təsir zonasını qorumaq, Türkiyə və Qərblə əlaqələri zəiflətmək, cəmiyyətdə parçalanma və qorxu mühiti yaratmaq, Azərbaycanın müstəqil geosiyasi kursunu ləngitmək məqsədi daşıyır.

Bəs, nə etməli?

Rusiyanın Azərbaycana qarşı ideoloji və informasiya hücumları yalnız o zaman təsirsizləşdirilə bilər ki, Azərbaycan həm dövlət səviyyəsində, həm də ictimai səviyyədə sistemli və strateji cavab mexanizmləri qursun. Rusiyanın ideoloji və informasiya müharibəsinə qarşı Azərbaycanın effektiv cavab strategiyalarının mərhələli şəkildə aparılması lazımdır. Birincisi, milli informasiya təhlükəsizliyi konsepsiyası gücləndirilməlidir. Azərbaycanın informasiya məkanını qorumaq üçün dövlət səviyyəsində strateji və hüquqi mexanizmlər lazımdır. Rusiya və digər xarici təsir cəhdlərinə qarşı konkret mexanizmlərlə Milli İnformasiya Təhlükəsizliyi Konsepsiyası qəbul edilməlidir. Media Monitorinq Mərkəzi və Kibertəhlükəsizlik qurumları sistemli şəkildə xarici təbliğatı izləməli, təxribat mənbələrini ifşa etməlidir. Xarici maliyyə mənbələri ilə idarə olunan media və QHT-lərin fəaliyyətində şəffaflıq artırılmalıdır. Burada məqsəd informasiya hücumlarına qarşı dövlət səviyyəsində proaktiv müdafiə qurmaqdır.

İkincisi milli ideoloji konsepsiyanın formalaşdırılmasıdır. Azərbaycanın öz ideoloji “dayağı” olmasa, xarici təsirlər asanlıqla təsir edə bilər. Bu səbəbdən dövlət, cəmiyyət və media üçün vahid ideoloji xətt formalaşdırılmalıdır. Azərbaycançılıq ideologiyasının müasir interpretasiyası, Türk dünyası ilə birliyə əsaslanan milli kimlik, islam dəyərləri ilə dünyəviliyin harmoniyası, Suveren və dünyaya açıq, lakin milli maraqlara əsaslanan siyasət əsas prinsip olaraq götürülməlidir. Belə olan halda cəmiyyət ideoloji baxımdan möhkəmləndikdə, xarici təbliğatın təsiri də azalır.

Digər bir vacib məsələ media savadlılığı və ictimai maarifləndirmədir. Rusiya təbliğatı çox vaxt sosial şəbəkələr və saxta “ekspert fikirləri” üzərindən yayılır. Ona görə cəmiyyətin informasiya savadlılığı artırılmalıdır. Tədbir kimi öncə məktəblər və universitetlərdə “media savadlılığı” fənni tədris oluna bilər. Jurnalistlər və bloqerlər üçün anti-dezinformasiya təlimləri təşkil edilməlidir. Dövlət və QHT-lər dezinformasiyanın ifşası üçün platformalar yaratmalıdır. Məqsəd isə vətəndaşın informasiya toxunulmazlığını artırmaq və “troll təsirinə” qarşı immunitet yaratmaqdır.

Türkiyə, o cümlədən sivil dünya ilə informasiya əməkdaşlığının dərinləşdirilməsi də əsas faktorlardandır. Azərbaycan təkbaşına Rusiya kimi nəhəng təbliğat maşınına qarşı dura bilməz. Buna görə regional və beynəlxalq müttəfiqlərlə koordinasiya vacibdir. Türkiyə ilə birgə media və kibertəhlükəsizlik layihələri, Türk Dövlətləri Təşkilatı çərçivəsində ortaq informasiya platformaları, Avropa İttifaqı və NATO ilə dezinformasiya əleyhinə proqramlarda iştirak Rusiyanın apardığı təbliğata qarşı beynəlxalq səviyyədə koordinasiyalı cavab vermək olar.

Azərbaycan mediasının keyfiyyətcə gücləndirilməsi mütləqdir. Rusiya təbliğatının əsas gücü ondadır ki, o, professsional və emosional dildə danışır. Ona görə Azərbaycan mediası da həm peşəkar, həm emosional-ictimai dildə daha təsirli olmalıdır. Dövlət dəstəyi ilə müstəqil, amma milli maraqlara sadiq media orqanlarının inkişafı vacibdir. Xarici dildə yayımlanan Azərbaycan mediasının (rus, ingilis, ərəb və s.) fəaliyyəti gücləndirilməlidir. Müasir sosial media kontent strategiyaları — qısa videolar, vizual təbliğat, gənclərə yönəlik mesajlar hazırlamalıdır. Yuxarıda sadalananları həyata keçirmək mümkün olsa, Rusiya mediası regionda “vahid informasiya mənbəyi” olmaq statusunu itirər.

Beşinci kolon və təxribatçı şəbəkələrin neytrallaşdırılması da məqsədə çatmaqda bütün çətinlikləri aradan qaldıra bilər. Rusiya təbliğatı çox zaman ölkə daxilində “ideoloji agentlər” vasitəsilə yayılır. Bu, ən təhlükəli istiqamətdir. Xarici təsir altında fəaliyyət göstərən “mədəniyyət” və “təhsil” layihələrinin maliyyə mənbələri yoxlanmalıdır. Dövlət Təhlükəsizlik Xidməti və Medianın İnkişafı Agentliyi bu məsələ üzrə koordinasiyalı nəzarət mexanizmi yaratmalıdır. “Rusiya mədəniyyət mərkəzləri” və “fondları”nın fəaliyyətinə şəffaflıq və balanslılıq tələbi qoyulmalıdır.

Rusiya çox vaxt tarixi təhrif edərək “Azərbaycan Rusiya sayəsində formalaşıb” kimi saxta narrativlər yayır. Buna qarşı milli tarixi yaddaş strateji ideoloji silah kimi istifadə olunmalıdır. Milli tarix, müstəqillik və dövlətçilik haqqında müasir filmlər, sənədli layihələr, sosial media kampaniyaları, uşaqlar və gənclər üçün “Müstəqillik məktəbləri”, “Azərbaycan tarixi klubları”, xarici dillərdə Azərbaycan tarixini doğru təqdim edən elmi və populyar nəşrlər dərc edilməlidir. Rusiya və cənub qonşumuz tez-tez dini və etnik zəmində parçalanma yaratmaq istəyir. Bunun qarşısı yalnız daxili milli birliyin möhkəmləndirilməsi ilə alınar. Bütün dini və etnik icmaların dövlət siyasətində bərabər təmsilçiliyi, dini liderlərin və QHT-lərin anti-təxribat təlimlərinə cəlb olunması, milli birliyi gücləndirən ümummilli dəyərlərin (dil, mədəniyyət, ordu, bayraq) təbliği ən optimal variantdır.

Beləliklə, Azərbaycan Rusiyanın ideoloji və informasiya təxribatlarına qarşı uğurlu müqavimət göstərə bilər. Əgər dövlət səviyyəsində informasiya təhlükəsizliyi strategiyası gücləndirilərsə, cəmiyyət ideoloji cəhətdən möhkəm və milli kimliyinə inamlı olarsa, media müstəqil, amma milli maraqlara sadiq fəaliyyət göstərərsə istədiyimizə nail ola bilərik.

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə