"Danimarka ilə münasibətlərin inkişafı səfərin vacib nəticəsidir" - ŞƏRH EDİLDİ
"Azərbaycan Prezidenti İlham Əliyevin xarici səfərləri həmişə konkret hədəflərin reallaşdırılmasına yönəlib. Danimarkaya səfəri də olduqca böyük əhəmiyyət daşıyır. Orda Avropanın və Qərb dünyasının siyasi elitası toplanmışdı və Azərbaycan Prezidenti həmin tədbirdə iştirak edərək ölkəmizin mövqeyini ifadə edib. O, qlobal dünyanın aparıcı şəxsləri ilə beynəlxalq problemlərin həlli istiqamətində görüşlər keçirdi". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.
Onun sözlərinə görə, bu görüşlər həmçinin Azərbaycanın inkişaf perspektivlərinin genişlənməsi baxımından xüsusi əhəmiyyət kəsb edir: "Azərbaycan artıq qlobal məkanda aparıcı oyunçulardan birinə çevrilməkdədir. Hazırda ölkəmiz Avropa məkanının enerji təhlükəsizliyi üzrə əsas tərəfdaşlarından biridir. Azərbaycan həm Avropa İttifaqı, həm də ayrı-ayrı Avropa dövlətləri ilə genişmiqyaslı və çoxvektorlu münasibətlər qurub. Bu münasibətlər ölkəmizi qlobal siyasətdə mühüm aktora çevirib. Danimarka ilə münasibətlərin inkişafı da bu səfərin vacib nəticələrindən biridir. Halbuki, Danimarka əvvəllər daha çox ermənipərəst mövqeyi ilə seçilirdi. Lakin Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində bir çox Qərb ölkələri kimi Danimarka da mövqeyində müəyyən düzəlişlər etməyə başlayıb. Bu isə Azərbaycan üçün olduqca önəmli siyasi nailiyyətdir.
Nəticə etibarilə, Prezident İlham Əliyev növbəti dəfə qlobal məkanda Azərbaycanın siyasi iradəsini qətiyyətlə ifadə edərək ölkəmizin beynəlxalq mövqelərini daha da gücləndirib. Bu səfər yaxın gələcəkdə Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın qlobal arenada daha təsirli və möhkəm mövqe qazanmasında xüsusi rol oynaya bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə