”İtaliya Azərbaycanın Avropada ən etibarlı tərəfdaşlarından biridir“ - ŞƏRH OLUNDU

”İtaliya Azərbaycanın Avropada ən etibarlı tərəfdaşlarından biridir. İtaliya ilə Azərbaycan arasındakı münasibətlər sadəcə diplomatik çərçivədə qalmır, bu münasibətlər qarşılıqlı hörmət, etimad və strateji tərəfdaşlıq üzərində qurulmuş bir əməkdaşlıq modelidir. Bu iki ölkə arasında nə vaxtsa ciddi narazılıq, qarşıdurma və ya siyasi gərginlik yaşanmayıb”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

O bildirib ki, Azərbaycan müstəqilliyini qazandıqdan sonra Avropa ölkələri ilə münasibətlərini qurmaqda daim maraqlı olub: “Bəzən bəzi Avropa dövlətləri ilə yollarımız çəp gəlib, bizi anlamayıblar, biz də öz mövqeyimizi açıq şəkildə ortaya qoymuşuq. Amma İtaliya bu baxımdan hər zaman istisna olub.

İtaliya, Azərbaycanın həm siyasi, həm də iqtisadi baxımdan etibarlı, davamlı və səmimi tərəfdaşıdır. Dövlət başçıları arasında formalaşmış münasibətlər isə bu əməkdaşlığın yüksək səviyyədə olduğunu bir daha göstərir. İtaliya hakimiyyətinin Azərbaycana yönəlik narahatlıq ifadə etdiyi ciddi bir məqam demək olar ki, olmayıb. Əgər kiçik fikir ayrılıqları olubsa da, bu, heç vaxt qarşıdurma səviyyəsinə çatmayıb. Məsələn, Fransa ilə münasibətlərə baxsaq, zaman-zaman gərginliklər, anlaşılmazlıqlar yaşanıb. Amma İtaliya ilə belə bir halın olmaması, qarşılıqlı etimadın və siyasi iradənin nəticəsidir. Elə bu günlərdə İtaliya Prezidentinin Azərbaycana səfəri də məhz bu etimadın və dostluğun rəmzidir. Bu səfər bir daha göstərdi ki, İtaliya Azərbaycanın yalnız enerji tərəfdaşı deyil, həm də siyasi sabitlik, dialoq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan dostudur”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə