27 Sentyabr - Anım Günü: Şəhidlərimizin xatirəsi Strasburqda anılıb - FOTO

Strasburqda, Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyində 27 Sentyabr - Anım Gününə həsr edilən tədbir keçirilib. SİA xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Strasburqda yaşayan Azərbaycan icmasının nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov çıxış edərək, 44 gün davam edən müharibədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi ilə əsgər və zabitlərimizin yazdığı qəhrəmanlıq səlnaməsindən bəhs edib. O, həmçinin 2020-ci il sentyabrın 27-də başlanmış haqq savaşımızın 2023-cü il sentyabrın 19 və 20-də həyata keçirilən antiterror əməliyyatında suverenliyimizin tam bərpası ilə başa çatdığını qeyd edib.

Daimi nümayəndə sülh və əmin-amanlığı xalqımıza bəxş etmək üçün canlarını fəda edən qəhrəmanlarımızın əziz xatirəsinin hər bir azərbaycanlının qəlbində əbədi yaşayacağını və onların hər zaman dərin ehtiram və minnətdarlıq hissi ilə anılacağını bildirib.

Sonda tədbir iştirakçılarına Vətən müharibəsi və şəhidlərimiz haqqında videogörüntülər nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə