“Son 5 ildə işğaldan azad olunmuş ərazilərə yeni ruh qayıdıb“ - ŞƏRH EDİLDİ

“Torpaqlarımız işğaldan azad olunduğu son 5 ildə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yenidən qurma və bərpa işləri sürətlə aparılır. Belə ki, 2022-2026-cı illərdə Böyük Qayıdışa dair Dövlət Proqramı qəbul olunaraq uğurla icra olunur”. Bu sözləri SİA-ya millət vəkili Azər Badamov deyib.

Deputat bildirib ki, İlk növbədə ərazilərin minalardan təmizlənməsi işinə başlanmış və bu gün böyük ərazilərdə təhlükəsizlik təmin olunmuşdur: “Yol infrastrukturu və sosial infrastruktur yenidən qurulub başa çatmaq üzrədir. Üç hava limanı tikilmişdir. 100-dən çox yaşayış məntəqəsinin baş planları təsdiq olunaraq icrasına başlanmışdır. 14-dən çox yaşayış məntəqəsinə 60 minə insan yaxın qayıdıb çalışmaqdadır. Son 5 ildə işğaldan azad olunmuş ərazilərə yeni ruh qayıdıb və böyük canlanma baş verib. O cümlədən Araz Vadisi İqtisadi Zonası Sənaye Parkı, Ağdam Sənaye Parkı, Zəngilanda Aqro Park yaradılmışdır. Kəlbəcərdə İstisu mineral suları zavodu istifadəyə verilmişdir. İşğaldan azad olunmuş ərazilərdə əkin biçin işləri həyata keçirilməyə başlamışdır. Bu ərazilərin turizm potensialından səmərəli istifadə olunması üçün yeni müasir otellər tikilmişdir. Deyə bilərik ki, son 5 ildə görülmüş işlər sayəsində işğaldan azad olunmuş ərazilərin iqtisadi potensialı yavaş-yavaş ölkə iqtisadiyyatına reinteqrasiya olunmaqdadır. Təbii ki, bu da ölkə iqtisadiyyatının güclənməsinə töhfə verir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə