"Azərbaycan-Özbəkistan əməkdaşlığının böyük perspektivi var" - MÜNASİBƏT BİLDİRİLDİ

"Özbəkistan, Mərkəzi Asiyanın böyük və Azərbaycanla xüsusilə hərtərəfli yaxşı münasibətlər içində olan bir ölkəsidir. Artıq Azərbaycan ilə Özbəkistanı bir-birinə təkcə dil və mədəniyyət eynilikləri birləşdirmir. Bu iki ölkəni birləşdirən tək məsələ Türk Dövlətləri Təşkilatının üzvü olmaları da deyil". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, indi Azərbaycan və Özbəkistan arasında iqtisadi, mənəvi, mədəni, ticarət və investisiya baxımından çoxsaylı yeni əlaqələr yaranıb: "Təsadüfi deyil ki, Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq və müttəfiqlik sazişi imzalanıb. Azərbaycan, Özbəkistanın iştirakı ilə (Azərbaycan, Özbəkistan və Türkmənistandan ibarət) yeni bir regional üçtərəfli əməkdaşlıq formatı yaradıb. Həmçinin, Özbəkistanın iştirakı ilə Azərbaycanın təşəbbüsü ilə digər bir üçtərəfli format da var – Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında, xüsusilə yaşıl enerji istehsalı və onun nəqli sahəsində. Azərbaycanın azad olunmuş ərazilərinin bərpasında da Özbəkistan dost və qardaş ölkə olaraq fəal iştirak edib. Füzulidə bir məktəb inşa edilib, Xankəndidə isə Özbəkistan kapitalı ilə bir fabrikin əsası qoyulub.

Bundan başqa, Azərbaycanın Dövlət Neft Şirkəti Özbəkistanda böyük bir neft yatağının işlənməsi ilə bağlı layihədə iştirak edir. Çox güman ki, yaxın vaxtlarda biz Özbəkistanda böyük ehtiyatlara malik bir neft yatağının məhz SOCAR-ın iştirakı ilə kəşf olunmasının şahidi olacağıq.

Azərbaycan və Özbəkistanın əməkdaşlığı təkcə iqtisadi müstəvidə deyil, eyni zamanda siyasi və təhlükəsizlik sahələrində də inkişaf edir. Bugün Türkiyədən sonra Türk dünyası baxımından Azərbaycana ikinci ən yaxın qardaş ölkənin Özbəkistan olduğunu tam əminliklə söyləyə bilərik. Azərbaycan-Özbəkistan əməkdaşlığının çox böyük perspektivi var – necə ki, indiki əməkdaşlıq olduqca geniş və səmərəlidir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə