“Missiyanın dayandırılması regionda gərginliyi azaldıb, sülhü möhkəmləndirəcək” - POLİTOLOQ ŞƏRH ETDİ
“Avropa İttifaqının Ermənistandakı missiyası ilk gündən siyasi və geosiyasi məqsədlərlə yaradılmış bir layihə idi. Onun əsas təşəbbüskarı Fransa Prezidenti Emmanuel Makron idi və məqsəd bölgədə Avropa İttifaqının hərbi-siyasi mövcudluğunu təmin etmək, kəşfiyyat xarakterli fəaliyyətlər aparmaq, eyni zamanda Ermənistanla Azərbaycan arasında gərginliyi artırmaq idi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.
Onun sözlərinə görə, bu missiya rəsmi olaraq “sülhü dəstəkləmək” adı ilə təqdim edilsə də, faktiki olaraq tərəfsiz mövqedən uzaq bir fəaliyyət xətti izləyirdi. Hazırda vəziyyət tamamilə dəyişib. Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin formalaşması, sərhədlərin müəyyənləşdirilməsi istiqamətində irəliləyişlərin əldə olunması, eyni zamanda, tərəflərin qarşılıqlı olaraq dialoqa meyilli olması bu missiyanın formal olaraq da, praktiki olaraq da əhəmiyyətini azaldıb. Əgər tərəflər öz aralarında anlaşmağa başlayıblarsa, üçüncü tərəflərin bölgədə hərbi və ya yarımhərbi xarakterli mövcudluğu artıq yersizdir.
Missiyanın dayandırılması regional təhlükəsizlik baxımından müsbət nəticələr verə bilər. Birincisi, bölgədə kənar qüvvələrin müdaxiləsi azalacaq və sülh prosesi daha çox birbaşa Azərbaycan-Ermənistan xətti üzərində aparılacaq. İkincisi, Avropa İttifaqının siyasi təzyiq mexanizmləri zəifləyəcək, beləliklə, regionda balans daha çox yerli reallıqlara əsaslanacaq. Üçüncüsü, xarici missiyaların yaratdığı gərginlik riskləri aradan qalxacaq və tərəflər öz milli təhlükəsizlik strategiyalarını daha rahat şəkildə həyata keçirə biləcəklər. Bu missiyanın dayandırılması bölgədə gərginliyi azaldacaq, qarşılıqlı etimadı artıracaq və sülh gündəliyinin daha effektiv şəkildə həyata keçirilməsinə şərait yaradacaq. Artıq regional proseslərdə əsas söz sahibi birbaşa region ölkələri olmalıdır və bu, uzunmüddətli sabitliyin yeganə təminat yoludur".
Bütün xəbərlər Facebook səhifəmizdə