"Forum Azərbaycanın regional liderliyinin göstəricisinə çevrildi" - POLİTOLOQ ŞƏRH ETDİ
“Xankəndində baş tutan son forum Azərbaycanın regional liderliyinin və geosiyasi nüfuzunun güclənməsinin bariz nümunəsidir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.
Onun sözlərinə görə, qardaş və tərəfdaş ölkələrin – Türkiyə, Pakistan, İran, Qazaxıstan və Qırğızıstan kimi mühüm dövlətlərin liderlərinin Xankəndidə bir araya gəlməsi göstərdi ki, beynəlxalq birlik Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini faktiki olaraq tanıyır və dəstəkləyir: "Bu forum, eyni zamanda, Qarabağın post-münaqişə dövründə bərpası və reinteqrasiyası prosesində mühüm mərhələ sayılır.
Xankəndi artıq yalnız simvolik bir məkan deyil – burada keçirilən tədbirlər Azərbaycanın bu ərazidə sülh, sabitlik və inkişaf üçün konkret planlarının olduğunu nümayiş etdirir. Forumun beynəlxalq arenada yaratdığı rezonans da diqqətəlayiqdir. Ermənistan tərəfi bu prosesdən kənarda qaldıqca regional əməkdaşlıqdan daha da təcrid olunur. Azərbaycanın isə regional təşəbbüsləri formalaşdırmaq və reallaşdırmaq imkanları genişlənir. Bu, Cənubi Qafqazda yeni güc balansının məhz Bakı mərkəzli olduğunu göstərir".
Bütün xəbərlər Facebook səhifəmizdə