Azərbaycanın Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü bir sıra məqamları ilə təkcə region üçün deyil, ümumilikdə, Türk-İslam dünyası və beynəlxalq münasibətlər sistemində yeni geosiyasi düzənin formalaşmaqda olduğunu göstərdi.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bunu açıqlamasında siyasi ekspert Züriyə Qarayeva söyləyib.
Siyasi ekspert bildirib ki, ECO-nun 17-ci Zirvə görüşü sadəcə, diplomatik hadisə deyil, həm də tarixi-siyasi mesaj idi. Uzun illər ərzində separatizmin yuvasına çevrilmiş bir şəhərdə indi beynəlxalq təşkilatların liderləri toplaşır, gələcəyə dair əməkdaşlıq gündəmini müzakirə edirlər.
"Zirvə görüşündə İran Prezidenti Məsud Pezeşkianın iştirakı və Azad İqtisadi Zonanın yaradılmasını təklif etməsi diqqət çəkdi. Diqqət çəkən başqa bir məqam Şimali Kipr Türk Respublikasının liderinin də iştirak etməsi oldu. Bu həmrəyliyin və tanınmanın siyasi mənası dərin idi: Türk dünyası artıq öz içində hüquqi və siyasi müstəvilərdə bir-birini tanıyan, dəstəkləyən vahid mərkəzə doğru hərəkət edir",- deyə Z.Qarayeva vurğulayıb.
O əlavə edib ki, Xankəndi Zirvə görüşü, həmçinin postmünaqişə dövründə Azərbaycanın regiondakı rolunun necə dəyişdiyini nümayiş etdirdi. Bakı artıq təkcə Cənubi Qafqazın yox, daha geniş coğrafiyanın iqtisadi və siyasi koordinasiya mərkəzlərindən birinə çevrilir. Bu da təkcə neft və qaz layihələri ilə deyil, siyasi sabitlik, inteqrasiyayönümlü diplomatiya və tarazlaşdırılmış xarici siyasət sayəsində baş verir.
Bütün bu məqamlar bir daha təsdiq edir ki, Xankəndi Zirvə görüşü nəinki diplomatik uğurdur, həm də Azərbaycanın əzmini, strateji baxışını və gələcəyə inamını göstərən hadisədir. İllər əvvəl sülhə, sabitliyə həsrət qalan bir şəhər indi əməkdaşlığın, birlik və inkişafın simvoluna çevrilir.
Bütün xəbərlər Facebook səhifəmizdə